Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
24 Yanvar , 2023



Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının həyata keçirdiyi layihələrə şair və yazıçılar öz əsərlərini göndərməyə davam edir.

  “Yaradıcı oxucularımız” layihəsinə kitabxananın Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis növbəti dəfə kiçikyaşlı uşaqlar üçün yazdığı “Rənglərin nağılı”nı təqdim etdi. Babasına qonaq gələn Nadir gözəl bir kənddə təbiətin əsrarəngiz rəngləri ilə tanış olur. Bəs çəmənlikdəki otların, lalələrin, səmanın rəngləri bir yerdə nə olur? Nağıl oxuculara təqdim olunur.

Rənglərin nağılı

 Biri var idi, biri yox idi. Gözəl bir kənd var idi. Bu kənddə Həbib adlı bir baba yaşayırdı. Həbib babanın Nadir adlı nəvəsi isə şəhərdə yaşayırdı. Hər il yay tətilində Nadir babasıgilə qonaq gəlirdi. Günlərin bir günü Nadir babasına dedi:

 – Ay baba, gəl gedək kənddə olan parkları, bağları mənə göstər.

 Həbib baba cavab verdi:

 – Bala, bura kənddir, burada park yoxdur. Burada gözəl çəmənliklər var, uca dağlar var, buz kimi bulaqlar var. Gedək onları sənə göstərim.

 Həbib baba və nəvəsi kəndi gəzməyə gedirlər. Onlar gözəl bir çəmənliyə rast gəlirlər. Baba deyir:

  – Bax, elə bil yerə yaşıl xalı səriblər. Kəndin də öz gözəlliyi var.

 Hadir sual verməyi çox sevirdi, o, babasından sorusur:

 – Ay baba, niyə otlar yaşıl rəngdədir?

 Baba dedi:

  – Yağıl rəng həyat rəmzidir, bu rəng təbiətə yaraşıq verir, ətrafda gözəllik yaradır.

 Baba sözünü tamamlayan kimi Nadir ikinci sualı verdi:

 – Ay baba, bəs çəmənlikdə olan o lalələr niyə qırmızıdır?

 Baba cavab belə verdi:

 Ona görə ki, lalələr çox zərif çiçəkdir, çəmənlikdə gəzən insanlar onların qırmızı ləçəklərini uzaqdan görsün və onları tapdalayıb, əzməsinlər.

 Həbib baba sözünü bitirməmiş Nadir növbəti sualını verdi:

 – Baba can, bəs səma niyə mavi rəngdədir?

 Baba cavab verdi:

 – Bilirsən, bala, alimlər deyir ki, bütün yer gürəsi yəni planet mavi rəngdədir. Biz yer kürəsini bütünlüklə görə bilmirik. Biz təkcə səmanı görürük.

 Onlar gəzə-gəzə gəlib dağın ətəyinə çatmışdılar. Nadir babasına dedi:

 – Baba can, bəs bu çəmənlikdəki otların, lalələrin, səmanın rəngləri üçü bir yerdə nə olur?

 Həbib baba bir az fikirləşib dedi:

 – Bu çox çətin sual oldu, gedək evə, orada fikirləşib cavabını deyərəm.

 Nadir bərkdən gülüb deyir:

 – Baba can, bilmədin. Onlar birlikdə Azərbaycanın bayrağı olur!

 Nağılımız sona çatdı. Birdən göy gürüldadı, şimşək çaxdı güclü yağış yağdı. Çəmənlikdə olan otlar, güllər, çiçəklər doyunca su içdi.