Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
9 İyun , 2015

 

Ev muzeyi Azərbaycan hökumətinin 1981 – ci ildə verdiyi “Hüseyn Cavidin anadan olmasının  100  illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun,1984 – cü ildə olmuşdur.

Muzeyin fondunda 6000 - ə yaxın  eksponat  toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926 – cı ildə nəşr edilmiş “İblis” və 1934 – cü ildə çapdan çıxmış “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın  yubileylərinin, müxtəlif teatrlarda tamaşaya  qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.

Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da bu muzeydə  nümayiş  etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən  qiymətli ləl – cəvahirat  əşyalarının  əksəriyyəti  də  Turan  Cavidin  hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında  da yaxından iştirak etmişdir.

Ekspozisiyada  Cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə  bağışladığı kitablar yer almışdır. Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib etmişdir.

Muzey eyni zamanda Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə də məşğul olur. Hüseyn  Cavidin  əsərlərinin səhnə və nəşr tarixlərini, onun adı ilə bağlı müəsissə və təşkilatları, yaşayış   məntəqələrini  əks etdirən  kataloqlar tərtib edilmişdir. “Hüseyn  Cavid  və  teatr”,  “Hüseyn Cavid və Naxçıvan Teatrı”,  “Hüseyn Cavidin dramaturgiyası”, “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzularında səyyar sərgilər yaradılmış,  Naxçıvan MR – in mədəni - maarif müəsissələrində, “Hüseyn Cavid və teatr”  sərgisi  isə  Minsk   şəhərində   nümayiş etdirilmişdir.

Muzey  əməkdaşları  Hüseyn Cavidin yaradıcılığı haqqında mühazirələr oxuyur, ədəbi irsini təbliğ edirlər. Muzeydə təşkil olunmuş  “Hüseyn Cavid  poeziya  klubu ” müxtəlif  yaradıcı  kollektivlərlə,  cavidşünas  alimlərlə, şair və yazıçılarla görüşlər və disputlar keçirir.