Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycanlıların soyqırımı
24 İyul , 2015


Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Xüsusilə Əlikram Hümmətovun qondarma "Talış-Muğan Respublikası" elan edərək, özünə sadiq silahlı qüvvələri cəbhə xəttindən çıxarması, Azərbaycan dövlətinə qarşı qiyam qaldırması bu işdə mühüm rol oynadı. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli, 25-də Cəbrayıl, 31-də Qubadlı rayonları işğal olundu. Hər tərəfdən düşmən mühasirəsində olan Zəngilan rayonunu da xilas etmək mümkün olmadı. Nəticədə oktyabrın 27-də Zəngilan rayonu da düşmən əlinə keçdi. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etdi. Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi.

Tarixi arayış.

Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanaşaqbinə, Yanaşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmən Çiçəkli dağdan və b. strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın yolunun tunelə qədər olan hissəsi nəzarət altına alındı. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistanın himayəçilərinin, onun hərbi cəhətdən möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi siyasəti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı, düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail oldu.

Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 kilometrlik sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqların işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilan da daxil olmaqla 198 kilometrlik Azərbaycan sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd işğal olundu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələrinin statistikası belədir: yaşayış evləri - 102000, ictimai binalar - 7000, ümumtəhsil məktəbləri - 693, səhiyyə obyektləri -695, avtomobil yolları - 800 km, körpülər - 160, su kəməri - 2300 km, elektrik xətti - 15000 km, meşə sahəsi - 250000 ha, əkin sahəsi - 200000 ha, tarixi abidə və muzeylər - 464. İlkin hesablamalara görə, Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir. Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60%-i meşə fondunun 23,8%-i, su ehtiyatlarının 7, 8%-i və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 iri su anbarı da yerləşir.