Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xarici ölkələrdə yaşamış elm və mədəniyyət xadimləri
26 Noyabr , 2015

Salahov Tahir Teymur oğlu — Azərbaycanın görkəmli rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.

Tahir Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.

1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.

Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.

Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.

Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.

Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB–nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bahəm, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.