Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
13 Yanvar , 2017
Atmosfer cəbhəsinin hansı növləri olur? Atmosfer cəbhəsi xətti haradan keçir? Soyuq və isti hava axınlarının güclü cərəyanları bir-birinə sıx yaxınlaşanda xəyalən onlar arasında sərhəd xətti çəkmək olar.
Meteoroloqlar həmin sərhədi cəbhə xətti adlandırırlar. Cəbhə xətti boyu kəskin temperatur fərqi müşahidə olunur və hava gözlənilmədən dəyişir.
 
İsti və soyuq hava axınları kəsişməyəndə, paralel axır, sanki cəbhə xətti boyu sürüşərək hərəkət edir. Bu zaman atmosferdə heç bir hadisə baş vermir və cəbhə xətti də demək olar ki, hərəkətsiz olur. Adətən bu sakitlik uzun sürmür. İsti axın soyuq axına tərəf hərəkət edərək onu sıxışdırır. Bu zaman atmosfer cəbhəsini isti adlandırırlar. 
 
İsti cəbhə hər hansı əraziyə doğru hərəkət edəndə, orada istiləşmə müşahidə olunur. İsti hava sürətlə yerini dəyişir. O, tez bir vaxtda soyuq havanı haqlayır, ondan yuxarı qalxır, öz kütləsi ilə yavaş-yavaş soyuq axının üstünü örtür.
Siz yüksək səmada tez-tez qalın və  hamar lələkvari və yüksək laylı buludlar qatı görürsünüz. Bu bulud karvanı eni bir neçə yüz metrə çatan, uzunluğu min kilometrdən çox olan zolaq şəklində atmosfer cəbhəsi xətti boyunca uzanır.   
 
Adətən isti cəbhə uzun sürən, demək olar ki, küləksiz olan yağışlı hava gətirir. Cəbhə xəttindən qabaqda hərəkət edən yüksək şəffaf buludlar bizi bir növ yağışlı hava şəraitinin tezliklə dəyişəcəyi barədə xəbərdar edən “carçıdır”. Bəzən hadisələr başqa məcrada inkişaf edir. Quru günəşli günü güclü leysan, tufan, yaxud şiddətli külək əvəzləyir. Sonra dərhal kəskin soyuqlar düşür. Belə dəyişikliklər soyuq atmosfer cəbhələri həmlə edəndə baş verir. Bu halda isti hava soyuq havadan qabaqda hərəkət edir. Soyuq hava axınları isti hava axınları ilə “daban-dabana gedəndə”, isti hava geri çəkilir. Soyuq axın isti axına müdaxilə edəndə qatı tüstü burumlarına bənzəyən qara buludlardan ibarət dalğa əmələ gəlir. Belə buludlar tufan, hətta dolu gətirir.