Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
27 Mart , 2017

Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur.Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – “Mirzəyi”, “Turacı”, “Uzundərə”;  yüngül şən – “Tərəkəmə”, “Ceyranı”, “Brilyant (rəqs); şıdırğı “Qaytağı”, “Qazağı”, “Xançobanı”. Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı”.Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur. Qadın rəqsləri təmkini, plastika, yumşaq ahəng və lirika (“Vağzalı”, “Nəlbəki”, “Ceyranı”, “Turacı”, “İnnabi” və s.), kişi rəqsləri isə daha qızğın, iti sürətli, igidlik və güc ifadə edir (“Qazağı”, “Qaytağı”, “Xançobanı”).Rəqsləri adətən xalq çalğı alətləri - zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiət edir.  Azərbaycanın tanınmış rəqqasə və rəqqaslarından Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov. Kamil Dadaşov,  Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdirmişlər.Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”,  “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”,  “Yallı”  və digərlərini misal gətirmək olar.Xalq arasında kollektiv rəqs nümunələri də var. Onlardan ən qədimi “Yallı” rəqsidir. Naxçıvanın - Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi “Yallı” lar öz orijinallığı ilə fərqlənir.  Daha bir kollektiv rəqs, keçmişdə bir qayda olaraq döyüşçülər tərəfindən ifa olunan “Cəngi” dir.  Azərbaycanın coğrafi adlarını özündə yaşadan “Dərbəndi”, “Aşqabadi”, “Əsgərani”, “Qars”və digər milli rəqslərimiz də var.Düz 75 il əvvəl dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı yaradılıb. Ansambl bu gün də fəaliyyət göstərir. Tamaşaçılarına bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

Foto Qalereya