Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
22 Fevral , 2017
Oturub düşünsək ki, Yer kürəsi səthində baş verən bütün təbiət hadisələrini, görəsən, hansı qüvvə idarə edir, şübhəsiz ki, bütün bunların təməlində yorulmaq bilməyən göy cisminin – Günəşin dayandığını başa düşərik.
Havanı, suyu və planetimizdəki bütün bitkiləri Günəş idarə edir. Onların fəaliyyəti olmasaydı, planetimizin səthi başqa şəklə düşərdi. 
 
Məsələn, elə götürək daş qayanı. Gündüzlər onun səthi Günəş şüaları altında qızır, gecələr isə sürətlə soyuyur. Onun tərkibini təşkil edən maddə genişlənir və sıxılır. Vaxt keçdikcə qayanın səthində çatlar əmələ gəlir və getdikcə dərinləşir. Monolit qayadan böyük və kiçik parçalar qopub düşməyə başlayır. Külək qopub düşən parçaları ətrafa səpələyir. Qayanın çat yerlərinə su dolur və daşı içindən məhv etməyə başlayır. 
 
Dağ süxurlarının məhv olması uzun sürən proses olsa da, səhra sürətlə başqa şəklə düşür. Burada külək hökmranlıq edir. Qum fırtınasından sonra səhranın görünüşü büsbütün dəyişir. Külək cəmi bir neçə saat ərzində böyük qum kütləsini bir yerdən başqa yerə aparır.
Dağların və səhraların olmadığı yerləri böyüklü-kiçikli çaylar idarə edir. Onlar yerin səthi boyu axaraq onu yuyub aparır, çay vadiləri, yarğanlar, dərələr və qobular əmələ gətirir. 
 
Amerika Birləşmiş Ştatlarının Böyük düzənliyinin prepiyalarında ucu-bucağı görünməyən mənzərəli yerlər var. Burada hava və su yerin səthində kilometrlər boyu uzanan nəhəng keçidlər açıb. Kanyon adlandırılan bu keçidlərin bəzilərinin dərinliyi bir neçə yüz metrə çatır.  Belə dərələrin divarları dikdir. Yumşaq əhəngdaşı süxurundan ibarət bu divarlar keçidlərin üstündən sipər kimi sallanmır, çünki öz ağırlığına davam gətirməyib dərhal uçur. 
 
Nə qədər qəribə səslənsə də, bəzi bitkilər də dağ süxurlarının dağılmasına təsir göstərir. Külək şibyələrin gözlə görünməyən sporlarını hər yerə yayır, hətta qayaların ən kiçik yarıqlarına çatdırır. Yaşıl rəngli şibyələr dağ süxurunda kök salıb tədricən onu içəridən məhv edir. 
 
Əsrlər ötür və bütün bu təbiət qüvvələri dağ silsiləsinin, sıldırım qayanın, ayrı-ayrı daşların səthini dəyişərək onları tanınmaz şəklə salır.