Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
27 Mart , 2017
Məlumdur ki, bizim həyəcanlarımız, təəssüratlarımız və ya hərəkətlərimiz uzun müddət qala bilən bir iz buraxır, münasib şəraitdə yenidən ortaya çıxır və şüurun predmetinə çevrilir.
Beləliklə, yaddaş – biri-biri ilə əlaqəli olan bir neçə fərdi mərhələdən ibarət mürəkkəb psixi prosesdir. Yaddaş insana fərdi həyat təcrübəsi toplamağa və nəticədə ondan istifadə etməyə imkan yaradır. İnsan yaddaşı – hər hansı bir vahid funksiya deyil. Onun fəaliyyətində müxtəlif proseslər iştirak edir. Üç tamamilə müxtəlif növ yaddaş mövcuddur: 1) sensor informasiyasının “bilavasitə izi” kimi; 2) qısamüddətli yaddaş; 3) uzunmüddətli yaddaş.
 
Sensor informasiyasının bilavasitə izi hissiyyat orqanlarının qəbul etdiyi dünyanın kifayət qədər dəqiq və tam şəklini özündə saxlayır. Şəklin saxlanma müddəti çox qısadır – 01 -0,5 saniyə. Gözlərinizi yumun, sonra isə bir anlıq açın və yenidən yumun. Sizin gördüyünüz dəqiq, aydın şəklin bir müddət qalmasına, sonradan isə tədricən yoxa çıxmasına diqqət yetirin.
 
Qısamüddətli yaddaş başqa tip materialı saxlayır. Bu halda saxlanan informasiya hadisələri sensor səviyyədə olduğu kimi tam dəqiqliyi ilə deyil, bilavasitə bu hadisələrin şərhini təsvir edir. Məsələn, əgər sizin yanınızda hər hansı bir ifadə işlədilsə siz onu təşkil edən səsləri deyil, sözləri yadda saxlayacaqsınız. Adətən bu halda 5-6 söz yadda qalacaq.
Materialı dəfələrlə təkrarlayaraq bilərəkdən diqqətinizi cəmləsəniz onu qeyri-müəyyən bir müddətə qısamüddətli yaddaşda saxlamaq olar. Sensor yaddaşın bilavasitə izlərini təkrarlamaq qeyri-mümkündür, onlar yalnız saniyənin onda bir hissəsində yadda qalır və bu vaxtı uzatmaq olmur.
 
Uzunmüddətli yaddaş – yaddaş sisteminin ən mürəkkəb və daha vacibidir. Sadalanan ilk yaddaş sistemlərinin həcmi çox məhduddur: birinci, saniyənin bir neçə onda birindən, ikinci, bir neçə yaddaş vahidindən ibarətdir. Uzunmüddətli yaddaşın həcmi isə praktiki olaraq məhdudiyyətsizdir.  Bir neçə dəqiqə müddətinə yadda qalan hər bir informasiya uzunmüddətli yaddaş sistemində yerləşəcək.
 
Yaddaşda üç proses fərqləndirilir: informasiyanın yaddaşa daxil edilməsi, onun yaddaşda saxlanması və təkrarlanması. Bu proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir. İnformasiyanın yaddaşa daxil edilməsinin təşkili onun yaddaşda saxlanmasına təsir edir. Yaddaşda saxlanmanın keyfiyyəti təkrarlamanı müəyyən edir.
Yadda saxlanan materialın tipinə uyğun olaraq insan yaddaşı dörd növə bölünür:
 
1. Hərəkət yaddaşı, yəni hərəkət edən əməliyyatlar sistemini yadda saxlama və təkrarlama qabiliyyəti (avtomobili idarə etmək, hörük hörmək, qalstuk bağlamaq və sairə).
2. Obrazlı yaddaş – hissi məlumatları saxlamaq və gələcəkdə istifadə etmək imkanı. O, (qəbuledici analizatordan asılı olaraq) eşitmə, görmə, lamisə, iybilmə və dadbilmə kimi təzahür edir.
3. Emosiya yaddaşı keçirdiyimiz hissləri, emosional vəziyyətin xüsusiyyətini və affektləri həkk edir. Böyük itin qorxutduğu uşaqda böyük ehtimalla böyüdükdən sonra da bu heyvana qarşı xoşagəlməz hiss davam edəcək (qorxu yaddaşı).
4. Verbal yaddaş (şifahi-məntiqi, semantik) yaddaşın yalnız insana xas olan ali növüdür. Əksər düşüncə fəaliyyəti və əməliyyatlar (sayma, oxuma və başqaları)
onun köməyi ilə yerinə yetirilir.
 
Müxtəlif insanlarda bu və ya başqa yaddaş növü daha çox inkişaf edib: idmançılarda – hərəkət yaddaşı, rəssamlarda – obrazlı yaddaş və sairə. İnsan yaddaşının qarşısına qoyulan əsas tələb informasiyanı uzun müddətə, itkisiz və etibarlı şəkildə qorumaqdır. Əla yaddaşa malik olmaq üçün mütəmadi olaraq məşq etmək lazımdır.
Foto Qalereya