Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Görkəmli şəxsiyyətlər
14 Mart , 2017
(17.2.1201, Tus – 25.6. 1274, Bağdad) – ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. Ilk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazəsi verilmişdir.         

         Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə İsfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır. 

         Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi  üçün  lazımi  şərait  yaratmışdı.  Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt–hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı. 

         Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274–1338) “Dəhnamə” məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif Əsiləddin oğlu Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587–1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.

         Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “Imamətə dair traktat” (“Risalə fi-l-imamə”) və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında Ibn Sinanın “Işarələr və qeydlər” kitabının şərhinə həsr olunmuş “Problemlərin həlli” (“Həll əl-müşkilat”), “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “Iqtibasın əsası” (“Əsas əl-iqtibas”) ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda “Problemlərin həlli” traktatının XIII və XVII əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi Ibn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir. 

         Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə Nasirəddin Möhtəşəmin şərəfinə yazılmış “Əxlaqi-Nasiri” əsərində əksini tapmışdır. Ümumi fəlsəfi məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi” zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin–amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. O, poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şeirlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir. 
          1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərb. Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir. 

 NƏSİMİ (təqribən 1339/40 – 1394) – mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını “Cavidani-Səğir”, “Məhəbbətnamə”, “Ərşnamə” traktatlarında, qismən “Novmnamə” (“Yuxular haqqında”) əsərlərində və “Divan”ında şərh etmişdir. Başlıca əsəri “Cavidani-Kəbir”dir (“Cavidannamə”). Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.