Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Xarici ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri
25 Aprel , 2017

Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir.

Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976-1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı KazanDaşkəndSəmərqəndMoskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışmaqdadır.