Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
25 Aprel , 2017

Xalça qışda  qapalı yerlərdə istilik və rahatlığı təmin edir. Yayda isə  çöllərdə, meşədə göy otların üstündə, sərin bulaqların kənarında sərilmiş xalçalar insanlar arasında əlaqənin, ünsiyyətin yaranmasına, onların bir–biri ilə dostcasına söhbətləşməsinə şərait yaradır. Xalça musiqi və poeziya məclislərinin vacib atributlarından olmuşdur.

Müəyyən zonaya məxsus xalçaların koloriti daha çox həmin zonada əldə olunmuş təbii boyaq maddələrindən asılıdır. Quba  alması, Göyçay narı, Naxçıvan qoz-fındığı ilə məşhurdur.

Şoran bataqlıqlarda “qırmız” adlı unikal həşərat axtarıb tapırdılar. Məhz bu cücüdən çox qiymətli tünd qırmızı rəng əldə olunurdu. Erkən baharda çöl çiçəklərini, otların köklərini, payızda tut ağacının saralmış yarpaqlarını toplayaraq onlardan sarı rəng almışlar. Sarı rəngi həm də yabanı almanın kökündən, zeytun rəngi isə kəndəlaşın meyvələrindən əldə etmişlər. Baş soğanın qabığı, üzüm salxımının saplağı, yovşan, zirinc, narın qurudulmuş qabığı, təzəcə dəymiş qozun yaşıl qabığı yun iplikəri boyamaq üçün yarayırdı. Minerallar da, palıd, çinar, söyüd və digər ağaclar da  boyaq maddələri hazırlamaqda “iştirak edirdilər”.

Hər meyvənin, hər ağacın istifadə vaxtını bilmək lazım idi -   rəngin necə alınacağı, açıq və ya tünd olacağı bundan çox asılı idi. Payız qoz-fındığın, zirincin, bahar palıdın, söyüdün, alma ağacının  mövsümü hesab edilirdi. Zəfəran, alça və heyvadan yalnız çiçəklənmə dövründə istifadə etmək olardı. Bəzi çiçəklər isə, əksinə solandan sonra işə yarayırdı. Onları toplayıb qurudur və boyaq maddəsi kimi istifadə edənədək uzun müddət saxlayırdılar.