Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
İnsan hüquq və azadlıqları
1 İyun , 2017

Hüquqşünas hüquq təhsilli adam, hüququ öyrənən alim, hüquq sahəsində praktiki fəaliyyətlə məşğul olan mütəxəssisdir.  Hüquqşünasların fəaliyyətini iki istiqamətdə xarakterizə etmək olar: mövcud hüququ öyrənən sistemləşdirici fəaliyyət və mövcud hüququn məzmun və formasının həyatın tələblərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq məqsədi daşıyan tənqidi fəaliyyət.
 Hüquqşünas əmək bazarında yetirincə tələbat olan peşədir. Ali məktəblərin bu sahədə xeyli mütəxəssis hazırlamasına baxmayaraq,  bir çox şirkət və müəssisələrin ixtisaslı hüquqşünaslara ehtiyacı var. Hüquqşünaslar bir qayda olaraq hüquqi dəstək göstərir, öz müştərilərinə bu və ya digər sənədlərlə bağlı məsləhətlər verir, qanunlardan baş çıxarmaqda və lazım gəldikdə məhkəmə üçün gərəkli kağızları toplamaqda insanlara kömək edirlər. 
Vəkillər çox vaxt cinayət işlərinə baxırlar. Hüquqşünasların köməyindən elə firmalar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir iri və ciddi şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır. Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas ola bilər. 
 Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq kontoruna müəyyən məbləğ ödəyir, həmin kontor da cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.
Şübhəsiz ki, sadə vətəndaşların da hüquqi yardıma ehtiyacı var. Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha da populyarlaşır. Çox adam mənzil alğı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa hazırdır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır. 
 Yadda saxlamaq lazımdır ki, bir hüquqşünas hüququn bütün sahələrində, məsələn, həm boşanma, həm də varislik hüququ məsələlərində eyni dərəcədə yaxşı mütəxəssis ola bilməz. Odur ki, çox vaxt ancaq bir problemə dair məsləhətlər verən məhdud profilli hüquqşünaslara rast gəlirik. Buna görə də hüquqşünasa müraciət etməzdən əvvəl onun hansı sahədə ixtisaslaşdığını öyrənmək lazımdır. Sonunda onun təcrübəsi məsələnin həllində böyük rol oynaya bilər.