Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
2 İyun , 2017

“Robot” dedikdə nə başa düşürük? Bu anlayışın tərifi çoxdur. Çexiya yazıçısı Karel Çapek 1920-ci ildə insanın yerinə işləyən mexaniki adamlar haqqında pyes yazıb. O, bu mexaniki adamları robot adlandırıb. “Robot” çex dilindən  tərcümədə “işçi” deməkdir. Beləcə, həmin söz dünyanın bütün dillərinə daxil olub. Bəs “robot” sözü daha geniş mənada nə deməkdir? Adətən robot müəyyən hərəkətləri müəyyən qaydalara uyğun yerinə yetirən mexaniki və ya elektromexaniki qurğudur. 
 Zəmanəmizdə nə kimi robotlara təsadüf edilir?  Elə robotlar var ki, onları insan idarə edir. Belə robotlar insanın komandası olmadan öz işini yerinə yetirə bilmir. Başqa robotlar elektron beynin -  kompyuterin köməyi ilə idarə olunur və müstəqil işləyir. 
 Tozsoran robot müstəqil təmizlik işləri görür. Sadəcə, düyməni basırsan və xüsusi proqram tozsoranı evinizin künc-bucağındakı zir-zibili axtarıb-tapmağa “məcbur edir”. Robot maşınlar böyük dəqiqlik tələb edən ağır, təhlükəli və sağlamlıq üçün zərərli işləri insanların əvəzinə yerinə yetirir.  Robotlar batmış gəmiləri tədqiq edə bilir. Dərinliyin soyuğu və zülməti, köpək balığı və sprutlar robot üçün qorxulu deyil. Planetimizi bürüyən zəhərli qazlar da onlar üçün ziyansızdır. Üstəlik, robotları kosmosa göndərirlər, axı onların kosmonavtlar üçün vacib olan hava və qidaya ehtiyacı yoxdur. 
XX əsrin sonlarında sənaye istehsalının xeyli artması ilə əlaqədar istehsalatda robotlardan geniş istifadə olunmağa başlanılıb. 1960-cı illərin əvvəllərində ABŞ-da dünyada ilk dəfə “Yunimeyt” və ”Versatran” sənaye robotları yaradılıb. Onların insana oxşarlığı uzaqdan insan əlini xatırladan  manipulyatorun olması ilə məhdudlaşırdı.
 
Sənaye robotları istehsalat prosesində manipulyasiya robotunun hərəkət və idarəetmə funksiyalarının  yerinə yetirilməsi üçün nəzərdə tutulub. Sənaye robotunun tərkibində mexaniki hissə (bura bir və ya bir neçə manipulyator daxildir) və bu mexaniki hissəni idarə edən sistem var. Bundan əlavə, robot hissiyyat vasitələri ilə də təchiz edilə bilər. Sənaye robotu həm əsas istehsal proseslərini, həm də yardımçı prosesləri çox dəqiq yerinə yetirir. Hazırda Fanuc, Kawasaki, Motoman, OTC Daihen, Panasonic (Yaponiya), KC Robots, Triton Manufacturing, Kaman Corporation (ABŞ), Kuka (Almaniya) kimi aparıcı  şirkətlər sənaye robotları tətbiq edirlər. 
Robot verilən komandaya uyğun hərəkət edən maşındır. Yaxın vaxtlarda  köməkçi robotlar da yaradılacaq. Onlar ağır əşyaları daşımaqda ahıllara və əlillərə kömək edəcək, korların yol bələdçisi olacaq, ağır və lazımlı yükləri daşımaqla, xilasedicilərin çətin keçilən yerlərə, qayalıq dağlara qalxmasına imkan yaradacaq.
 
İnsan kompyuter əsrində kompyuter proqramı şəklində də robot yaradıb. Reklam göndərən robotlar  bu qəbildən olan ən geniş yayılmış robotlardır. Əlbəttə, robotu insana və ya heyvana bənzətmək düzgün olmazdı. Robot təchiz olunduğu sxemə uyğun hərəkət edir. Fikir versəniz görərsiniz ki,  robotlar, demək olar, həyatımızın hər sahəsində mövcuddur və həyatımızı asanlaşdırmağa xidmət edir. 
 
Yaponiyanın Honda şirkətinin istehsalı olan məşhur  ASIMO robot-androidi 2001-ci il oktyabrın 21-də təqdim edilib. Bu robot yeriyir, saatda  6 kilometr sürətlə qaçır, insanlarla ünsiyyətə girir,  nitq və jestlərə reaksiya verir, çoxsaylı ictimai tədbirlərdə iştirak edir, 2008-ci ildə isə hətta Detroyt Simfonik Orkestrinə dirijorluq edib. 
 Yazıçı-fantastların çoxu öz əsərlərində “robot və insan” mövzusuna müraciət ediblər. Amma robotlar mövzusunda Ayzek Azimov qədər maraqlı yazan ikinci yazıçı olmayıb. A.Azimovun  “Mən robotam”  hekayələr toplusu yazıçıya misilsiz şöhrət qazandırıb.