Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
3 İyun , 2017

Azərbaycan folklorunun ən böyük qollarından biri aşıq şeirləri və dastanlarıdır. Aşıqlar sazın müşayiəti ilə məclis aparır, oxuyur və dastan danışırlar.  Saz qədim musiqi alətidir. Bu alət əsasən üç hissədən ibarətdir: çanaq, qol, kəllə. Sazın çanağı tut ağacından, qolu isə qoz ağacından hazırlanır.
 
Saz, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə (mizrab) ilə səsləndirilir. Bir çox hallarda sazın qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. 
 
Sazin çanağı nazik taxta ilə örtülür, qol hissəsində 16-17, bəzən isə 18-26 pərdə yerləşdirilir. Pərdələr keçmiş zamanlarda bağırsaqlardan, hal-hazırda isə kapron iplikdən düzəldilir. Sazın kəllə hissəsində 8-9 aşıx olur ki, bu da sazın simlərini bərkidib boşaltmaq, yəni kökləmək üçündür. Sazın əvvəllər 6-7 simi olub. Sonralar simlərin sayı 8-9-a çatdırılıb. Aşıqlar sazda 72 havanı çalıb oxuya bilirlər.
 
Türk xalqlarında yanşaq, varsaq, ozan və digər adlarla tanınan sənətkarlar bugünkü aşıqların əcdadları sayılır. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da saz aləti şəklini almışdır.