Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Mədəni irsimiz
10 İyul , 2017



Qobustan qoruğunda Qavaldaş adlanan qədim musiqi aləti qorunub saxlanılır. Böyükdaş və Cingirdağda olan və «Qavaldaş» adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu -       «Qavaldaş»ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. 

Cingirdağdakı «Qavaldaş»ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakı daşlara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Böyükdaşdakı «Qavaldaş»ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.

«Qavaldaş»dan xüsusi olaraq rəqs və mahnı mərasimləri üçün istifadə edirdilər. Bu möhtəşəm musiqi aləti bu gün də öz quruluşu, qeyri-adı səsləri ilə Qobustana gələnlərin böyük heyrətinə səbəb olur.