Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Maraqlı faktlar
8 Avqust , 2017



Dünyanın fiziki xəritəsinə baxsaq, görərik ki, Atlantik okeanın Şimali Amerika materiki ətrafında 20 və 40 dərəcə şimal en dairəsində yerləşən Sarqas dənizinin suları parlaq göy rəngli böyük oval əmələ gətirir. Bu dəniz təbiətin əsl möcüzəsidir. Onun sahilləri adət etdiyimiz quru deyil, nəhəng okean çay-axınlarıdır: şərqdə Kanar, şimalda və qərbdə Şimali Atlantik, cənubda Passat. Bu axınlar saat əqrəbi istiqamətində dairəvi hərəkət edir. 
 
Çay axınları bənd rolunu oynayır və Sarqas dənizinin sularının Şimali Atlantikanın soyuq sularına qarışmasına imkan vermir. Bu sahilləri quru sahillərdən fərqləndirən budur ki, onlar ilboyu “səyahət edir”. Bu səbəbdən dənizin sahəsi 8 milyon kvadrat kilometrdən 4 milyon kvadrat kilometrədək dəyişə bilir. 
 
Üzən dəniz yosunlarının sayının çox olması Sarqas dənizinin daha bir fərqli xüsusiyyətidir. Dəniz səthinin bir kvadrat kilometrinə iki tondan çox yosun düşür. Xristofor Kolumb bu dənizi 1492-ci ildə kəşf edib və onu “İçərisində yosun olan banka” adlandırıb. Maraqlıdır ki, buradakı yosunların hamısı bir növə aiddir. Portuqaliya dənizçiləri bu yosunları “sarqasso” adlandırıblar, çünki yosunların suyun səthində qalmasına və üzməsinə kömək edən hava qabarcıqları Portuqaliyada geniş yayılan üzüm sortunun gilələrinə bənzəyir. 
 
Okeanşünaslar Sarqas dənizində yosunların necə əmələ gəldiyini uzun müddət başa düşməyiblər. Versiyalardan birinə görə, yosunları bura Kuba, Baham və Antil adalarından, yaxud Meksika körfəzi sahillərindən burulğanlar gətirir. Amma əslində Sarqas dənizinin yosunları elə bu dənizdə yaranır və bu dənizdə də ömrünü başa vurur. Yosunlar tələf olanda onları saxlayan qabarcıqlar partlayır və bitki suya qərq olur. Sarqas dənizinin yosunları həm də müxtəlif canlı varlıqların – krabların, çoxsaylı balıq növlərinin, xüsusən makrele balığının, habelə krevetlərin məskənidir.  
 
Bu dənizdə 69 flora və fauna növü yaşayır. Sarqas dənizinin parlaq göy rəngli suları onu əhatə edən okean sularından daha duzludur. Bu dəniz  Yer kürəsinin ən şəffaf sulu dənizi sayılır. Suyunun temperaturu okean sularının temperaturundan həmişə yüksəkdir. Dərinliyi 4-7 kilometrə çatır. Vaxtilə bu yerlərdə çoxlu heyvan daşıyan gəmi batıb. Buna görə də dənizin dibində xeyli insan və heyvan qalıqları var. Sarqas dənizinin bir çox canlı orqanizmləri yalnız maskalanmağı bacarması sayəsində salamat qalır. Məsələn, dəniz iynələri yosunların zoğuna bənzəyir, krevetlərin qınında balıqqulağına və xırda daşlara bənzəyən ağ ləkələr var. Dəniz kloununun rəngi yosunların rəngini xatırladır, buna görə də yosunlardan seçilmir. Bu dəniz canlısı təhlükə yarananda çoxlu su udub kürə şəklinə düşərək düşmənini qorxudur. 
 
 
Sarqas dənizinin əsas sirri nisbətən yaxın vaxtlarda açılıb. Dünya alimləri uzun illər Avropa angilinin harada nəsil verməsi barədə baş sındırıblar. Çoxəsrlik sirrin üstü bir əsrdən bir qədər əvvəl açılıb.
 
Məlum olub ki, angillər Sarqas dənizində çoxalır. Bu balıqlar Avropa çaylarından minlərlə kilometr uzaqda kürü tökür, yeni nəslə can verərək tələf olur. Kürülərdən çıxan yarımşəffaf sürfələr bir qədər ətə-cana dolduqdan sonra Qolfstrim cərəyanı ilə uzaqlara – Avropa sahillərinə doğru yola çıxır. Rastına çıxan çayın mənsəbinə düşəndən sonra bir neçə il burada məskunlaşır, böyük angillərə çevrilir və nəsil vermək üçün “vətənə” qayıdır. Sarqas dənizi hələ də planetimizin ən maraqlı bioloji müəmmalarından biri sayılır.