Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Uşaq dünyası
31 Avqust , 2017

   Azərbaycan mətbuatının ən böyük istiqamətlərindən biri də uşaq mətbuatıdır. Yaxşı deyilib ki, uşaqlar bizim gələcəyimizdir. Güclü və sağlam gənclik isə gözəl gələcəyin ən yaxşı təminatçısıdır. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların əvəzedilməz xidmətləri olmuşdur. Onlar bədii yaradıcılıqla yanaşı, müəllimlik edir, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayır, dövri mətbuatda fəal iştirak edirdilər.

      Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tuturdu. Ətrafına demokratik və maarifpərvər yazıçıları toplayan, qabaqcıl meylləri və realist ideyaları təbliğ edən nəşrlərlə ("Molla Nəsrəddin", "Zənbur", "Babayi-əmir", "Məzəli" və s.) bərabər ilk uşaq jurnalları - "Dəbistan" (1906-1908), "Rəhbər" (1906-1907), "Məktəb" (1911-1920) uşaq mətbuatının inkişafına geniş yol açdı. Maarifpərvər M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər" jurnalının də məqsəd və məramı yeniyetmələrin təlim və tərbiyəsi idi. Əsasən pedaqoji-tədris təmayüllü bu jurnallarda məşhur ədəbiyyatşünas F.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbati haqqında ədəbi-tənqidi oçerklərin, S.M.Qənizadənin "Körpə uşaqların tərbiyəsi" adlı təlim-tərbiyə üsullarından bəhs edən silsilə məqalələrinə geniş yer verilmiş, M.Ə.Sabir və A.Səhhətin dünya ədəbiyyatından tərcümələri çap edilmişdir. "Dəbistan" və "Rəhbər"ə nisbətən "Məktəb" (1911-1920) jurnalının ömrü uzun, mündəricisi zəngin olmuşdur. Maarifpərvər mühərrirlərdən Q.R.Mirzəzadə və Ə.T.Əfəndizadənin təşəbbüsü ilə nəşrə başlayan "Məktəb" jurnalının istiqaməti haqqında baş məqalədə deyilirdi: "Bizim bu "Məktəb"i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. "Məktəb"i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə olarsa, o vaxt biz də məqsədimizə yetişmiş olarıq". "Məktəb" jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin təhsil, təlim və tərbiyəsinə xidmət etmişdir. Jurnalın səhifələrində çap edilən əsərlərin əksəriyyətində elmin və məktəbin rolu təqdir olunur, yeni nəslin tərbiyəsində yeni üsullu məktəblərin tərbiyə üsulları inandırıcı boyalarla təbliğ edilirdi. "Məktəb" jurnalının səhifələrində müəllimlər, ədəbiyyat həvəskarları, maarifpərvər ziyalılarla bərabər, dövrünün tanınmış ədib və şairləri yaxından iştirak edir, onun səhifələrində şeir və hekayələrini çap etdirirdilər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov və digər şair və yazıçılar "Məktəb" jurnalının səhifələrində vaxtaşırı çıxış etmişlər.

      Azərbaycan uşaq nəşrinin təşəkkülü əslində uşaq mətbuatının yaranması ilə əlaqədardır. İlk uşaq mətbuatı- "Maarif", "Qırmızı günəş", "Aydınlıq", "Qızıl Şərq", "Qızıl gənclik", "Gənc işçi", "Məktəb", "Pioner" və s. qəzet və jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə və başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplamışdı. Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı surətlə inkişaf etmişdir. Hazırda "Göyərçin", "Tumurcuq", "Xurcun", "Elli", "Bala dili", "Yuva", "Göy qurşağı" və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur.

      Uzun illərin təcrübəsi də göstərir ki, pedaqoji yönümlü olduğu üçün uşaq mətbuatı gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Ölkədə hər hansı uşaq qəzet və jurnalı işıq üzü görəndə bu amillərə xüsusi diqqət yetirilir. Bu sahədə peşəkarların yetişməsi isə olduqca vacib məsələdir. Uşağın kitaba marağını artırmaq üçün onların öz mətbuatı olmalıdır. Hazırda ölkədə dövlət tərəfindən maliyyələşən 3 uşaqqəzet və jurnalı çapdan çıxır. Digər jurnallar isə müstəqil nəşr edilir. Rəqabətə davamlı olmaqdan ötrü onların hər biri oxucuların zövqünü oxşamağa çalışır.

      Məsələn, Nigar Mənsimlinin baş redaktoru olduğu "Xurcun" adlı uşaq və mədəniyyət jurnalı öz rəngarəngliyi ilə digərlərindən fərqlənir. Balaca oxucuların ixtiyarına verilən jurnalın hər səhifəsində "Xurcunumuzdakı xəbərlər" adlı səhifədə uşaqları maraqlandıracaq mədəniyyət xəbərləri geniş şəkildə işıqlandırılır. "İzlə" başlıqlı səhifəyə isə teatr tamaşaları ilə bağlı məlumatlar, afişalar daxil edilir. "Təqvim yarpağı"nda jurnalın nəşr olunduğu ayda dünyaya gələn görkəmli şəxsiyyətlərin siyahısı təqdim olunur. Bundan başqa, jurnalın "Can Vətən", "Əziz və şanlı məktubu", "Səyahət", "Musiqi", "Folklor", "Mən bir turist", "Dirədöymə" və s. başlıqlı bölmələri də var. Uşaqlar jurnalın hər sayını böyük maraqla gözləyirlər.

      "Tumurcuq" qəzeti də uşaqların ən sevimli nəşrlərindən biridir. Qəzetin baş redaktoru Səməd Məlikzadə bildirib ki, "Tumurcuq" uşaq qəzeti 1996-ci ildən balaca oxucularının görüşünə gəlir: "Latın qrafikası ilə çıxan ilk uşaq mətbuat orqanıdır. Qəzetin ilk sayının işıq üzü görməsinə xalq şairi B.Vahabzadə və xalq yazıçısı Anar dəstək veriblər. Qəzet əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin böyüklər də onu maraqla oxuyurlar.

      S.Məlikzadə deyib ki, "Tumurcuq" digər mətbuat orqanlarından fərqlənir: "Əvvəla, "Tumurcuq" qəzeti "Günəş", "Göyərçin", "Savalan" və başqa uşaq mətbuatından çox gəncdir. Qəzetimizdə türk, ingilis, rus dillərində uşaq ədəbiyyatından nümunələr veririk. Qəzetdə dərc olunan hekayələr, nağıllar, ədəbi materiallar dərsliklərdə yoxdur. Bunlar uşaqlara sinifdən xaric oxu materialları kimi təqdim olunur. Çalışırıq ki, uşaqlara mənəvi dəyərlərimizi aşılayaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdıraq. Bununla bağlı mütəmadi olaraq türk xalqlarının ədəbiyyatından maraqlı mövzular dərc edirik. Tez-tez zəngin folklor nümunələrimizə də müraciət edirik". Baş redaktor uşaqlar üçün yazmağın çox çətin olduğunu da qeyd edib: "Uşaqların psixologiyasını bilmək çox vacibdir. Bu məsələdə təkcə bizim nəşr deyil, bütün mətbuat orqanları əziyyət çəkir. Ona görə ki, uşaqlar üçün yazanlar azdır. Gənclər arasında isə demək olar ki, yoxdur. Biz özümüz arxivlərdə və digər mənbələrdə axtarışlar aparır, materiallar toplayırıq. Bu yaxınlarda Fikrət Qocanın uşaq şeirlərini çap etmişdik. O şeirləri ki, Fikrət müəllimin özü də unutmuşdur. Bölgələrdən də davamlı olaraq ədəbi nümunələr göndərirlər. Tacəddin Şahdağlını xüsusi ilə qeyd etmək istərdim. Bundan başqa, Zahid Xəlil, Fikrət Sadıq, Oqtay Rzanın uşaq şeirlərinə müraciət edirik".

      Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan "Göy qurşağı" uşaq jurnalı əvvəllər "Körpəm" adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hissinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqisuallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. "Göy qurşağı" Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.

      "ELLİ" uşaq jurnalının hazırkı tirajı 4500-5000 nüsxədir. 36 səhifəlik aylıq çıxan bu jurnal uşaq və yeniyetmələr üçün nəzərdə tutulan keyfiyyətli nəşrlərdəndir.

      Jurnalın əsas rubrikaları, hekayə, komiks, ordan-burdan, islam, dünyanı dəyişdirən kəşflər, lətifələrdən ibarətdir. Jurnalın əsas məqsədi uşaqlara savad vermək, düşündürmək, onların dünyagörüşlərini artırmaqdır. Jurnalda əyləncəli səhifələr də var. Bundan əlavə, jurnalda hər ay müsabiqə keçirilir və təxminən 10-15 qalib dəyərli hədiyyələrlə mükafatlandırılır. Həmçinin, jurnalın elektronversiyasında uşaqlar ən maraqlı mövzuları oxuya, asudə vaxtlarını keçirə bilərlər. "ELLİ" yüksək səviyyəli dizayna malikdir. Yayım satış və abunə vasitəsilə həyata keçirilir. Digər özünəməxsus yeri olan uşaqjurnallarından biri olan "Göyərçin" 1958-ci ildə pərvazlanaraq, ölkəmizin bütün bölgələrinə yayılıb. Onu vaxtilə oxuyanların əksəriyyəti bu gün elmlər doktoru, ictimai-siyasi xadim, məşhur qələm sahibləridir. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından RafiqMehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Xalqımızın ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamandauşaqların fərdi yaradıcılıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, xalqımızın igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulur. Qəzet və jurnal çapından əlavə Azərbaycanda uşaq mətbuatının inkişafı ilə bağlı bir sıra layihələr də hazırlanaraq həyata keçirilir. Bir müddət əvvəl "Yeni Azərbaycan" qəzeti və Jurnalist Qadınlar Assosiasiyasının birgə təşəbbüsü ilə "Uşaq mətbuatının inkişafı" adlanan layihə reallaşıdırıldı. Layihədə mətbuatda uşaqlarla bağlı mövzulara yer ayrılması, ölkədə bu sahədə nəşr olunan jurnalların, eləcə də tele kanallar dauşaq verilişlərinin sayının artırılması kimi təkliflər yer almışdı. Qısa vaxt ərzində layihəyə əsasən uşaqların kompüterə, internet oyunlarına xüsusi həvəsləri nəzərə alınaraq, peşəkar veb-saytlar hazırlandı. Ayrıca olaraq uşaq kanalının açılması istiqamətində də işlər sürətləndirildi. Amma əldə olunmuş nailiyyətlərə baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi lazımdır. Çünki uşaqlarımız nə qədər savadlı, geniş dünyagörüşlü, əxlaqlı və intellektual olarsa, cəmiyyətimiz də bir o qədər sağlam olar.