Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycan Mənim Vətənimdir
18 Sentyabr , 2017





Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.
Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir. 
Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.