Muğam - Azərbaycan
xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə
inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının
şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus
janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq
xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini
12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın
baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu
binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq
xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək,
özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi 12
klassik muğam Şərq xalqlarının ümumi yaradıcılığının bəhrəsi olmuşdur. Azərbaycan
muğamları məhz orta əsrin bu 12 muğamı əsasında təşəkkül tapıb inkişaf etmişdir.
Muğamın yaranması haqda müxtəlif fərziyyələr var. Bəzi alimlərin
fikrincə, muğam melodiyalarının meydana gəlməsi orta əsr poeziyası ilə bağlı
olmuş və şeirlərin sözlərinin uzadılaraq oxunması muğam reçitasiyasının
yaranmasını şərtləndirmişdir. Digər tədqiqatçıların fikrincə, reçitativ üslublu
muğam melodiyalarının meydana gəlməsində Quran mətnlərinin uzadılaraq avazla
oxunmasının mühüm rolu olmuşdur. Tarixən ilkin olaraq vokal, daha sonra
instrumental muğamın meydana gəlməsi şübhəsizdir.
Muğamlar - xalq çalğı alətlərinin (tar, kamança) müşayiəti ilə
xanəndə tərəfindən, yaxud musiqi alətlərinin birində ifa olunan çoxhissəli
kompozisiyalardır. Muğam kanonikləşdirilmiş incəsənət növlərinə aiddir və
burada klassik kanon ilə improvizasiya üzvi vəhdət təşkil edir. Muğamdakı
improvizasiya ciddi normalaşdırılmışdır və ifaçı bu improvizasiyanı yalnız müəyyən
qanunlar çərçivəsində edə bilər. Muğamlardan hər birinin əsasını müəyyən bir
lad (məqam, modus) təşkil edir. Muğamdakı şöbə və guşə adlanan bölmələr bunun əsasını
təşkil edən ladın müəyyən pillələri ətrafında gəzişmələrdən ibarət
melodiyalardan yaranır. Şöbə və guşələrin növbələşməsi müəyyən ladın
qanunauyğunluqlarına tabe olduğuna görə ifa zamanı bunların ardıcıllığı
pozulmamalıdır. Muğamın hər şöbəsi ladın getdikcə daha yüksək pilləsi ətrafında
gəzişdiyinə görə muğamdakı inkişaf dramaturgiyasının ibtidaidən aliyə doğru
olduğunu görürük; bu inkişaf maye adlanan nöqtədən başlayaraq muğamın zilinə,
kulminasiyasınadək davam edir. Kulminasiyadan sonra sürətli «enmə» mərhələsi və
əvvəlki nöqtədə - mayedə yekunlaşma baş verir.
Muğamda fazalarla gedən bu inkişafı tədqiqatçılar çox zaman
müxtəlif emosional vəziyyətlərdən, əhval-ruhiyyələrdən keçərək zirvəyə
ucalması, «ekstatik vəziyyətə çatan ruhun inkişafı, yüksəlişi» (S.Bağırova),
«etiraf yolu, həqiqətin ekstatik dərk olunması yolu» (G.Abdullazadə) kimi səciyyələndirirlər.
Muğam fəlsəfəsinin sufilik, yəni müxtəlif dərviş təriqətləri və s. ideyalar məcrasında
təşəkkül tapıb inkişaf etməsi fikri (G.Abdullazadə) geniş yayılmışdır. Muğama
aid olan bütün şöbə, guşə, təsnif, rəng və s. bölmələrin məntiqi qayda üzrə
düzülüşündən yaranan böyük kompozisiyalar - dəstgahlar Azərbaycanın şifahi ənənəli
professional musiqi sənətinin klassik formasıdır. Muğamların mətni klassik Şərq
poeziya janrı olan qəzəllərdən ibarətdir ki, bu janr müstəsna olaraq əruz vəzninə
əsaslanır. Muğamlar ən çox Nizami, Füzuli, Vaqif, Seyid Əzim Şirvani, Natəvan,
Əliağa Vahid kimi şairlərin qəzəllərinə oxunur.
Muğamı yaşadan, bu klassik sənəti nəsildən nəsilə ötürən və
inkişaf etdirərək təkmilləşdirənlər - ifaçılar - xanəndə və sazəndələrdir.
Muğamın görkəmli ifaçıları olan yaradıcı sənətkarlar müəyyən qanunlar çərçivəsində
muğam kompazisiyalarına yeni nəfəs gətirmiş, məzmununu zənginləşdirmişlər. Xanəndə
və sazəndə sənətinin inkişafı nəticəsində 19-20-ci əsrlərdə Azərbaycanın muğam
sənəti özünün zirvə nöqtəsinə çatmışdır. 19-cu əsrdə Azərbaycanın muğam sənətkarlarının
şöhrəti nəinki bütün Qafqazda, həmçinin Türkiyədə, İranda, Orta Asiyada geniş
yayılmışdı. Muğam sənətinin inkişafı nəticəsində Azərbaycanın bir sıra yerlərində,
o cümlədən Qarabağda, Şirvanda, Bakıda ifaçılıq məktəbləri meydana gəlmişdir.
19-cu əsrdə Şuşada Xarrat Qulunun yaratdığı xanəndəlik məktəbini misal göstərmək
olar ki, Azərbaycanın bir çox görkəmli ifaçıları - Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı
Zülalov (Bülbülcan), Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, tarzən Mirzə
Sadıq Əsəd oğlu (Sadıqcan) bu məktəbin yetirmələri olmuşlar. Muğam ifaçılığının
inkişafında bu məktəblərlə yanaşı Şuşada, Bakıda və Şamaxıda fəaliyyət göstərən
«məclislərin» - şair və musiqiçilərin çıxış və sənət haqda söhbətləri, qızğın
diskussiyalarla keçən yığıncaqlarının müstəsna rolu olmuşdur. Azərbaycana səfər
edən fransız yazıçısı Aleksandr Düma özünün «Qafqaza səyahət»ində belə məclislərdən
biri haqqında təəssüratlarını qələmə almışdır.
Əsrlərdən bəri zəngin mədəni ənənələri ilə şöhrət qazanmış
Qarabağ torpağı sənətkarlar, şair və yazıçılar, musiqiçilər yurdu kimi Azərbaycandan
çox uzaqlarda tanınmış, Qarabağın tacı sayılan Şuşa şəhəri isə «Şərqin
konservatoriyası» adlandırılmışdır. Qarabağ muğam ifaçılığı məktəbinin ən görkəmli
nümayəndələri içərisində yuxarıda adlarını çəkdiyimiz sənətkarlarla yanaşı
Seyid Şuşinski, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Zülfü Adıgözəlov, İslam
Abdullayev, Xan Şuşinski kimi görkəmli musiqiçilər, 20-ci əsrin ikinci
yarısında Sara Qədimova, Arif Babayev kimi xanəndələr, Qurban Pirimov, Məşədi
Zeynal kimi tarzənlər olmuşdur. Şamaxıda yetişmiş muğam sənətkarları içərisində
Mirzə Məhəmmədhəsən, Mehdi, Əbdül Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr,
Məhəmmədqulu və Hümayi kimi tarzənlər olmuşdur. Bakı məclisinin rəhbəri olan
görkəmli musiqiçi Məşədi Məlik Mansurovun İçərişəhərdəki evində toplaşan
musiqiçilər içərisində İrandan, Qarabağdan, Şirvandan gələn muğam biliciləri də
iştirak edirdi. Məşədi Məlikin oğlanları Mirzə Mansur və Məşədi Süleyman tarzən
olmuşlar. Bakı məktəbinin yetişdirmələri arasında tarzən Mirzə Fərəc, Ağa Səid
oğlu Ağabala və Seyid Mirbabayev kimi xanəndələri, 20-ci əsrin ortalarında tarzənlərdən
Bəhram Mansurovu, Əhməd Bakıxanovu, ifaçılardan Hacıbaba Hüseynovu, bir qədər
sonra Əlibaba Məmmədovu qeyd etməliyik. Xanəndə və sazəndələrdən bilik,
bacarıq, zövq, böyük emosional və fiziki qüvvə tələb edən dəstgahlar əvvəllər
kişi xanəndələr tərəfindən oxunmuşsa, 20-ci əsrdə Həqiqət Rzayeva, Yavər Kələntərli,
Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Zeynəb
Xanlarova kimi qadın xanəndələr də mahir dəstgah ifaçıları kimi tanınmışlar.