Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Uşaq dünyası
10 Noyabr , 2017




Görkəmli şair, dramaturq, tərcüməçi Mir Mehdi Həsən oğlu Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. Onun atası Bakının Əmircan kəndindən idi, Xəzər dəniz gəmiçilik idarəsində işləyirdi. O zamanlar onu Türkmənistana göndərmişdilər.
Mir Mehdi Seyidzadə ibtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə Bakı Kişi seminariyasında (indiki Azərbaycan Dövlət Pedaqoji Kolleci) təhsil almış, Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) qiyabi şöbəsini bitirmişdır. 1926-1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Əmircan kəndində kitabxana müdiri olmuşdur. 1930-1936-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Mir Mehdi Seyidzadə 1932-1939-cu illərdə «Azərnəşr»də redaktor, şöbə müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş «Uşaqgəncnəşr»də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda «Qızıl əsgər» qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra «Azərnəşr»də şöbə müdiri təyin olunmuşdur. 1944-1946-cı illərdə “Uşaqgəncnəşr”in baş redaktoru vəzifəsində çalışmışdır.
Ədəbi yaradıcılığa 1925-ci ildə «Şərq qadını» jurnalında çap etdirdiyi «Kənd qızı» adlı ilk şerilə başlamışdır. İlk kitabı 1932-ci ildə nəşr edilmişdir. Ümumilikdə isə 20-yə yaxın kitabı işıq üzü görmüşdür. 1927-1929-cu illərdə müasir mövzuda uşaq şeir və nəğmələrini, “Zirək Səməd” mənzum nağılını, “Şanlı gün” poemasını yazmışdır. “Nərgiz” nağıl-poeması əsasında yazdığı nağıl-pyes onu bir dramaturq kimi tanıtmışdır. Nağıl-pyes 1935-1936-cı illərdə Gənc Tamaşaçılar teatrının və Kukla teatrının səhnələrində müvəffəqiyyətlə oynanılmışdır. Bundan əlavə "Zirək Səməd" mənzum nağılı, "Ayaz", "Qızılquş", "Elsevər" mənzum pyesləri tamaşaya qoyulmuşdur. 2006-cı ildə Milli Akademik Dram Teatrında rejissor Mərahim Fərzəlibəyov
tərəfindən Mirmehdi Seyidzadənin «Şairin gəncliyi» və daha bir neçə əsəri əsasında "Füzuli və Əsmər" tamaşası hazırlanmışdır.
Mir Mehdi Seyidzadə lirik şeirlərində insanın vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm etmişdir. Həmçinin klassik poeziya ənənələrini yeni məzmunla zənginləşdirən qəzəlləri geniş yayılmışdır. Onun bir neçə şerinə isə mahnılar bəstələnmişdir. Ömər Xəyyam, Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələr etmişdir.
Mir Mehdi Seyidzadə bədii yaradıcılıqla yanaşı, 1925-1976-cı illərdə vətəndaş ədib kimi dövri mətbuatda publisistik yazılar, resenziyalar, ədəbi-tənqidi məqalələrlə də çıxış etmişdir. Bu yazılarda günün vacib məsələlərindən, həmçinin şairin qələm dostlarından, ayrı-ayrı ədəbiyyatçılarımızın yaradıcılığından bəhs etmişdir.
Azərbaycan Yazıçılar İttifaqının üzvü plan Mir Mehdi Seyidzadə 1958-ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Mir Mehdi Seyidzadə 1976-cı il avqust ayının 31-də vəfat etmiş və ikinci Fəxri xiyabanda dəfn edilmişdir. 1991-ci ildə Mərkəzi Şəhər Uşaq Kitabxanasına, 2014-cü ildə Əmircan kəndindəki küçələrdən birinə onun adı verilmişdir.
Uşaq qəlbi qədər təmiz, kövrək və həssas olan Mir Mehdi Seyidzadənin yaradıcılığı gənc nəslin tərbiyə edilməsində həmişə mühüm rol oynayacaqdır.

 

 

 

Payız

Payız  gəlib,küləklər

Gəzir yenə bağları.

Hər  tərəfə  sovurur

Saralmış yarpaqları.

 

Axıb  gedir  buludlar

Yenə də karvan-karvan,

Dərələri,  dağları

Bürüyür  çiskin, duman.

 

Mərcan  kimi  qızarmış

Moruqlar  parıldayır,

Ağaclarda  qarğalar

Səs  salıb, qarıldayır...

Yağır  güclü yağışlar,

Günlərcə  vermir  ara.

Almaz kimi şeh  düşür

Bağçalara, bağlara.