Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
13 Noyabr , 2017


                    Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən 13 noyabr 1984-cü il dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. Bu gün 1745-ci il 13 noyabr tarixində doğulan məşhur fransız pedaqoqu Valentin Hayuinin adı ilə bağlıdır. O, gözdən əlilliyi olan şəxslər üçün məktəb və müəssisələrin əsasını qoymuş, 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açmış və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçmişdir. 1829-cu ildə Paris Milli İnstitutunun yetirməsi olan Lui Brayl gözdən əlilliyi olan insanlar üçün bütün dünyada geniş yayılmış universal brayl şriftini hazırlamışdır.

  Hazırda dünyada 124 milyon, Azərbaycanda isə 40 minə yaxın gözdən əlilliyi olan şəxslər var. Ölkəmizdəki gözdən əlil olan şəxslərin 30-35%-i 18 yaşa qədər olan şəxslərdir.

1931-ci ildən fəalliyyətə başlayan Gözdən Əlillər Cəmiyyəti yarandığı gündən gözdən əlil insanların rifahını yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.

Azərbaycan Korlar Cəmiyyətinin (indiki Gözdən Əlillər Cəmiyyətinin) təşəbbüsü ilə 1981-ci il iyunun 1-də Gözdən Əlillər üçün Respublika Kitabxanası həmin cəmiyyətin tabeliyində “Mərkəzi Korlar Kitabxanası” kimi fəaliyyətə başlamışdır. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana informasiya xidməti göstərməkdir. Oxucuların tam fiziki imkansız olanlarına səyyar kitabxana xidməti göstərilir. Kitabxananın fondunu brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat təşkil edir. 1994-cü il yanvarın 1-dən etibarən kitabxana Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçmiş və “Respublika Korlar Kitabxanası” adlandırılmışdır. 2006-cı ilin mart ayından isə kitabxananın adı yenidən dəyişdirilib “Gözdən Əlillər üçün Respublika Kitabxanası” adlandırılmışdır.

2002-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətində yaradılan studiyada milli dildə kitab yazılışına, 2006-cı ildən isə yeni yaradılan tipoqrafiyada brayl şrifti ilə Azərbaycan dilində kitabların çapına başlanmışdır. Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə Gəncə və Naxçıvan şəhərində regional informasiya resurs mərkəzləri yaradılmışdır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən hər zaman əlillərə xüsusi diqqət və qayğı göstərilir. Həyat və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müavinətləri artırılır, mənzillər tikilib istifadələrinə verilir.