Yasamal rayon Mərkəzi kitabxanası

Yasamal rayon MKS
Xəbərlər
16 Noyabr , 2017


Bu bayram 1988-ci ilin noyabr , dekabr aylarında Bakıda başlayan milli azadlıq hərəkatı ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başladığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi.

   Milyonlarla insan indiki Azadlıq meydanına yığışaraq, Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

  Moskvanın, xüsusən də, SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaş törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb, Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

    1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq, Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

    Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.