Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xarici ölkələrdə yaşamış elm və mədəniyyət xadimləri
9 Oktyabr , 2017


Azərbaycan diasporunun formalaşıb inkişaf etməsində zaman-zaman qadınların da müstəsna rolu olub. Öz fəaliyyətləri ilə diaspora hərəkatına böyük dəstək verən həmin insanlar bu fəaliyyətlərinə görə müxtəlif illərdə təltif olunub, yüksək adlara layiq görülüblər. Azərbaycan diasporunda böyük xidmətləri olan xanımlardan biri də İren Məlikoffdur. 

İren Məlikoff 1917-ci il oktyabrın 25-də  anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. İren ilk təhsilini Paris şəhərində alıb. Elmə, təhsilə böyük maraq göstərən İren Paris universitetini bitirib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Sonra o, təhsilini Sarbonna universitetində davam etdirir. Bu universiteti də uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır. İrenin əsas tədqiqat obyekti Azərbaycan, onun qədim tarixi və ədəbiyyatı olub. Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun "Danışmənd dastanı", "Əbumüslüm Xorasani", "Umur Paşa dastanı"adlı kitabları işıq üzü görür.

1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir. İren xanım bununla kifayətlənməyib Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikof prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. Azərbaycan ruhu ilə yazıb-yaradan İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 

1988-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində onun "Türk Qafqaz qeydləri" silsiləsindən "Babək Xürrəmi və Seyid Battal" adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professorudur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika" nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M.F.Axundovun yaradıcılığına heyran olduğunu gizlətməyib.