Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
19 Fevral , 2018



Fevralın 19-u Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü kimi qeyd edilir. Dünya ictimaiyyətinin diqqətini bütün dəniz məməliləri və okeanlarda yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə 1986-cı ildən etibarən ənənəvi olaraq müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları çoxsaylı aksiyalar keçirirlər. 200 il ərzində balinaların məhv edilməsindən sonra Beynəlxalq balinalar komissiyası onların ovlanmasına qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir və balina ətinin ticarəti qanunla qadağan edilib.

Xəzər suitisi (Pusa Caspica Gmelin) dənizin yeganə məməlisidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. Son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən bu heyvanların sayı 1 milyondan 104 minə enib. Sözügedən növ 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında vəziyyəti “təhlükəli” statusunu daşıyır. Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır.

Şimaldan cənuba və geriyə il boyu səyahət edən suitilər əvvəlki dövrlərdə yaz və payızda dənizin hər yerində görünürdülər. Onlar üçün müvəqqəti dayanacaq kimi əsas məskunlaşma yelərindən biri qartal başına bənzər Abşeron yarımadasının sahilləri və aralıdakı adalar idi. Yarımadanın lap qurtaracağında, qartalın dimdiyindən uzanmış dilə bənzəyən Şahdili ərazisi Abşeron arxipelağında suitilərin ən çox toplaşdığı yerlərdən idi. 1930-cu illərdə arxipelağın sahillərində hər il 10 minə qədər suiti dincəlirdi.

Şahdilidə 1969-cu ildə ceyran və su quşlarının qorunması məqsədi ilə Abşeron Dövlət Təbiət Yasaqlığı yaradılmışdı. 2005-ci ilin fevralında canlıların daha səmərəli qorunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə bu ərazinin bazasında Abşeron Milli Parkı yaradılıb.

https://azertag.az/xeber/19_fevral___Umumdunya_Su_Memelilerinin_Muhafizesi_Gunudur-