Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Ekologiya
16 Aprel , 2018


İnsan təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir.  600 min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən-nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, Yer üzündə əhalinin sayı artdıqca və  insan öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət götürür, müqabilində isə ona az şey verir.İnsan təbiəti dəyişdirir,qırır, tökür, dağıdır, əvəzini qaytarmırsa, demək bi xeyirə dəyişmə onun zərərinədir.

Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük texniki qüvəyyə malik olduğu indiki dövrdə təbiətlə insan arasındakı münasibət tamamilə pozulmuş və təhlükəli bir vəziyyət yaranmışdır.Hətta  son illər təbiətin istismarı elə bir dərəcədə qüvvətlənmişdir ki, təbii sərvətlər gözləndiyindən daha tez tükənməyə başlamışdır.

Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərəvətlərin qorunması hazırda çox mühüm milli və beynəlxalq məsələ hesab olunur.

Bəs Azərbaycanda təbii sərvətlərdən necə istifadə edilir? Axı Azərbaycan təbiəti dünya təbiətindən ayrı bir “muxtariyyət” təşkil etmir. Yer planeti nəhəng bir canlı orqanizmdir.Onun ayrı-ayrı guşələri bu orqanizmin ayrılmaz hissələridir.

Qafqaz dünyanın zəngin təbiət muzeyidir. Onun bir parçası olan Azərbaycan misilsiz gözəlliklər diyarıdır.İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqları, zəngin və nadir  ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır.Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağa, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir.Təkcə bir faktı göstərmək kifayətdir ki, yer üzərindəki 11 iqlim növünün 9-u  Azərbaycanda vardır.

Respublikamızın əhalisi getdikcə çoxalır. Son on il ərzində respublikamızın əhalisi bir milyon nəfər artmışdır. Əkin sahəsi isə təbiidir ki, artmır. İndi Azərbaycanda hər nəfərə 0,22 hektar əkin yeri düşür. Bu az sahədən səmərəli istifadə etmək, onun  məhsuldarlığını daha da artırmaq üçün ciddi elmi və təsərrüfat axtarışları aparmaq lazımdır.

Təbii sərvətlərin mühafizəsi və  onların artırılmasını insanın mənafeyi tələb edir. Hər hansı bir yenilik,tərəqqi, birinci növbədə insanın rifahının yaxınlaşmasına, sağlamlığının möhkəmlənməsinə xidmət etməlidir.Insanın sağlamlığı isə onu əhatə edən təbii mühitdən aslıdır.Mühit çirkli və zəhərli olarsa, insanı heç bir qida təmin edə bilməz.

Çirkli hava Bakı üzərində xüsusilə tez-tez müşahidə edilir.Bu, bir  tərəfdən, yerli sənaye müəssisələrinin havaya buraxdığı tüstü, digər tərəfdən də kənar yerlərdən külək vasitəsilə gələn çirkli  hava axınıdır.

Havanın çirklənməsinə səbəb odur ki, sənaye obyektləri tikilərkən metereoloji şərait nəzərə alınmır. Sərvətlərdən səmərəli istifadə olunması elmi əsasları üzərində qurulmur və s. Əgər belə olmasaydı, sənaye obyektlərində qiymətli yanacaq qazı, qurum (duda) sement, alüminium tozu havaya buraxmazdı.

İnsan ömrünün uzadılması, onun sağlam və gümrah böyüməsinin təmin edilməsi, müxtəlif xəstəliklərin qarşısının alınması  üçün, birinci növbədə, Vətənimizin yaşlı örtüyünü genişləndirmək, suyun, havanın təmizliyi qeydinə qalmaq lazımdır.Çünki təbiətdəki bütün canlıların təmiz su ilə saf havaya əbədi ehtiyacı vardır.

Burada hamının qarşısına belə bir sual çıxa bilər: bəs bunların kim etməlidir? Cavab qısadır:hamı!

Hər bir insan öz kiçik və ya böyük fəaliyyəti dairəsində təbiətlə qarşılaşır.  Bəziləri təbiət deyəndə hardasa üfüqün  “o tərifində” dağları, dağlardan başlanıb gələn çayları, şəhərdən uzaq meşələri və s. nəzərdə tutur. Halbuki təbiət elə bizim həyətimizdən, yaşadığımız küçədən  başlanır.