Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Uşaq dünyası
25 İyun , 2018

Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-ci ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.

Dağ yahudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Simax Şeyda uşaqların sevimli şairidir. Uşaqlar üçün qələmə aldığı beş mənzum pyes oxucular tərəfindən rəğbətlə qarşılanıb.Simax Şeydanın “Təyyarə”, Mən balaca kosmanavtam”, “Yaxşı qız”, “Tülkü-tülkü- tünbəki”, “Nəğməli meşə”, son illər yazdığı “Kimin belə qızı var”, Nağıl istəyən qız”, “Yoxdur belə nənədən”, “Qızım qızlar içində”, “Topçu Həsən” və s. kitabları kütləvi tirajla nəşr olunub.Yazıçın bu günə kimi 24 kitabı işıq üzü görüb.Onlardan 11-i uşaqlar üçündür.Bu kitabların hər biri seçilmiş əsərlər adı ilə 5 cilddə çap olunub. Əsərlərini də iki dildə - həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazır.Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edir və bütün dünyaya yayır. Onun tərcümələri Amerikada, Kanadada nəşr edilib.Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib, antologiya şəklində çap edib.

Uşaqlar üçün yazdığı şeirlərə bəstəkar Oqtay Zülfüqarov mahnılar yazıb. Bunlara "Təyyarə", "Mən balaca kosmonavtam" şeirlərini nümunə göstərmək olar. "Bir xoruzum var" adlı şeirinə də Yusif Əzimzadə mahnı yazmışdı. "Göyərçin" jurnalında həm şeirləri, həm də mahnılarının notlarını nəşr etdirmişdilər.Quba rayonundan olan Qod Mixaylov adlı həvəskar bəstəkar 20-dən artıq şeirinə musiqi yazıb. Mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir.


“Parlaq ulduz”,“Qürbət rübailəri”,“Yadında saxla”,“Yağlı iki”,“Uşaqların dostları” adlı bir çox şeirlərin müəllifidir.

16 iyul 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Simax Şeydanı 79 yaşı tamam olması münasibətilə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib.

Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvüdür,

Hal-hazırda Almaniyanın Münhen şəhərində yaşayır.

Mehriban nənə 

Bir mehriban 
Nənəmiz var,
Hamımızın,
Ay uşaqlar.
Qayğımıza
Qalır daim,
Bu mehriban
Nənə bizim.

Çox sevirik
Onu biz də,
Hörməti var
Qəlbimizdə.

Tez-tez bizi
Salır yada,
Pay gətirir
Hər bairamda.

Ay Mehriban
Əziz nənə,
Uşaqlardan
Salam sənə!

Uşaqların dostları

Müstəqil bir ölkəyik
Hamı bilir indi biz.
Gözəlləşir günbəgün
Sevimli vətənimiz.

Qəlbimizdə sevgi var,
Hörmət var ana yurda.
Bəxtiyar yaşayırıq,
İllərdir ki, biz burda

Gedirik bağçalara,
Məktəblarə hər səhər.
Yolumuzu gözləyir
Sevimli müəllimlər.

Böyük qayğı göstərir,
Bizə İlham babamız.
Yaxşı oxuyun deyir,
Sevinsin el-obamız.

Uşaqların dostudur
Mehriban nənəmiz də.
Ona sevgi, məhəbbət
Doludur sinəmizdə.