Müsəlmanlar Mədinəyə hücum etməyə hazırlaşan müşrik ordusunu qarşılamaq üçün yola çıxmışdılar.Ürəklərdə həyəcan ,dillərdə təkbir səsləri vardı.Əziz Peyğəmbərimiz tez-tez ordunu yoxlayır,gördüyü əskikləri dərhal düzəldirdi.Geriyə baxdıqda orduya qatılmış on,on beş uşaq gördü. O,uşaqları çox sevirdi. Onların bircə telinə də zərər gəlməsini istəməzdi. Halbuki döyüş məydanı qılıncların cingildədiyi,oxların uçuşduğu mərəkə meydanı idi. Uşaqların ola biləcəyi yer deyildi. Buna görə Sevimli Peyğəmbərimiz onların dərhal geri qayıtmalarını istədi.
Rafi adlı uşaq orduyla birlikdə döyüşdə iştirak etməyi çox istəyirdi. Ayaq barmaqlarının üzərinə qalxaraq özünü hündürboy göstərməyə çalışırdı. Beləliklə Peyğəmbərimiz onun kiçik olduğunu anlamaz,onu geri göndərməzdi. Onun bu halı əsgərlərin diqqətini çəkdi. Aralarından biri:” Ya Rəsulallah, Rafi çox mahir ox atır.Düşünürəm ki, bizə faydalı olar.İzin verin o da bizimlə gəlsin.”-dedi.
Əziz Peyğəmbərimiz Rafinin parlayan gözlərini görmüşdü.Onun orduda iştirak etmək üçün nə qədər can atdığını gördü. Bu səbəblə onun qalmasına izin verdi.
Rafinin döyüşə getməsi onun dostu Səmurəyə pis təsir etmişdi. Gözlərindən axan yaşları silərək atasına belə dedi:” Atacan , Rəsulullah Rafiyə izin verdi, məni isə geri qaytarır.Halbuki mən güləşdə onu yıxaram.”
Atası oğlunun bu sözlərini və orduda qalma istəyini Peyğəmbərimizə çatdırdi . Əziz Peyğəmbərimiz heç kimin qəlbinə dəymək istəmirdi. Rafi ilə Səmurənin oradaca güləşmələrini istədi . İki dost güləşməyə başladı.Səmurə Rafini yıxdı. Bunu görən Peyğəmbərimiz Səmurənin də orduya qatılmasına izin verdi. Səmurənin on beş yaşı vardı . Hər iki dost orduda iştirak etməyin sevincini yaşayırdılar. Digər uşaqlarsa Sevimli Peyğəmbərimizin istəyinə tabe olaraq Mədinəyə qayıtdılar . Peyğəmbərimiz onlara Mədinədə qalan analarını və balaca bacı – qardaşlarını qoruma vəzifəsi vermiş , beləliklə onların da könlünü almışdı . Geri qayıdan uşaqlar Peyğəmbərimizin onlara nə qədər güvəndiyini düşünərək bununla fəxr edirdilər.