Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932-1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930-1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaq gənc nəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.
"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.
Elə bil ki, əkizdir,
Bir cüt xurma ağacı.
Dayanıbdır yanaşı
Sahildə bu cüt bacı...
Ayağını dalğalar
Yalayır ağacların.
Saçlarını yağışlar
Darayır narın-narın.
Onlara heyran olub
Elə bil Qara dəniz.
Bu körpə cüt bacılar
Həm mehriban, həm əziz.
Elə bil ki, əkizdir
Bir cüt xurma ağacı.
Dayanıbdır yanaşı
Sahildə bu cüt bacı.