Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
21 Sentyabr , 2018

XVI əsrin 30-40-cı illəri Azərbaycan miniatür sənətinin yüksəliş dövrü hesab edilir. Fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışlar. Dövrün bu istedadlar nəslinə ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi.

Sultan Məhəmməd Şah İsmayılın, sonra isə onun oğlu Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi sarayının rəssamı olub. O, eyni zamanda dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.

Sultan Məhəmməd haqqında geniş bioqrafik məlumat olmadığı üçün, onun 1490-cı ildə anadan olması, XVI əsrin ortalarında isə vəfat etdiyi təxmin edilir.

Əlyazmalara çəkilmiş miniatürlərdən başqa Sultan Məhəmməd ayrı-ayrı vərəqlərdə bir sıra portret və süjetli kompozisiyalar da işləmişdir.

Sultan Məhəmmədin Şərq poeziyası klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, eyni zamanda ayrı-ayrı mövzularda yaratdığı miniatürlər dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarda qorunmaqdadır. Dahi sənətkarın özünün və onun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Onun əsərlərindən "Şahnamə" (1573) hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin "Xəmsə"si (1539-1543) Londondakı Britaniya Muzeyinin, Hafizin "Divan"ı Kembricdəki Foqq muzeylərinin bəzəyidir. Londandakı Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanmış Nizaminin "Xəmsə"si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilir.

 XVI əsrdə yaranmış Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin çoxlu şagirdləri və ardıcılları da vardı. Onun "Ustad" deyə çağırılması da bununla bağlı idi. Sultan Məhəmmədin tələbələri arasında onun öz oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da vardı.