Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Azərbaycan Mənim Vətənimdir
8 Oktyabr , 2018



  Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yazır ki, Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI-XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: “Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini [şəhərin] 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır”. Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər - Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar. Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur.

 Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz, Ağsudur. Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.

  A. Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır.

     Tarixi

  Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

     Əhalisi

  Təxminən 77 min nəfərdən ibarət olan rayon əhalisinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 28.9 %-i şəhərdə, 71.1 %-i kənd yerlərində yaşayır.

  Əhalisinə görə ən böyük yaşayış məntəqələri Ağsu şəhəri, Gəgəli, Bico, Kəndoba, Kalva və Ərəbuşağı kəndləridir.

  Rayonda 2.068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarından gələn əhalidir.