Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
26 Oktyabr , 2018



Ənənəyə sadiq olaraq 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi (Неделя детской книги – "Книжкина неделя - 2019") keçirilir. Kitabxanalarda, kitab mağazalarında (kitab ticarəti müəssisələrində), təhsil ocaqlarında uşaq yazarları ilə görüşlər, təqdimatlar, ədəbiyyat müsabiqələri, ustad-dərslər və s. keçirilir.

Tədbirlərin əsas məqsədi kitabı və mütaliəni uşaqlar arasında təbliğ etmək, uşaqların mütaliə marağını artırmaqdır. Uşaq Kitabı Həftəsinin ənənəvi rəmzi – bədii əsərlərə dair uşaq rəsm müsabiqəsinin keçirilməsidir.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi sözügedən müsabiqəyə qoşularaq, Yasamal rayonunun ərazisində fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda 2018-ci ilin noyabr-dekabr və 2019-cu ilin yanvar aylarında Uşaq rəsmi müsabiqəsini təşkil edəcəkdir. Müsabiqədə qalib gələn 10-a qədər ən yaxşı uşaq rəsmi Rusiya Federasiyasında keçirilən müsabiqəyə təqdim olunacaq.

Ənənəvi olaraq müsabiqəyə həmin ilin yubilyarları olan şair və yazıçıların əsərlərinə çəkilmiş rəsmlər təqdim olunur. 2019-cu ildə yubilyarlar sırasına V.Bianki, P.Bajov, İ.Krılov, A.Qaydar, A.Belyayev, E.Voyniç, F.Kuper, N.Ostrovski, K.Doyl daxil edilib.

Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, müstəsna hal kimi gənc rəssamlara Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkilləri müsabiqəyə təqdim edilməsi barədə icazə verilib.

Müsabiqənin münsiflər heyəti 60-a yaxın ən yaxşı rəsmləri seçərək, onları albom şəklində nəşr edəcək. Müsabiqənin qalibi olmuş hər bir uşağın fotosu çəkdiyi rəsmlə birgə sözügedən albomda yerləşdiriləcək. Qaliblərə fəxri fərman, kitab və albom hədiyyə ediləcək.

Müsabiqədə həmçinin, Belarus, Qazaxıstan, Qırğızıstan Respublikalarının gənc rəssamların iştirakı gözlənilir.

Müsabiqədə 5 yaşdan - 11 yaşa qədər və 12 yaşdan - 16 yaşa qədər uşaqlar iştirak edə bilərlər.

5 - 11 yaşlı qruplar üzrə I, II və III yeri qazanan uşaqlara əlavə olaraq elektron planşetlər, 12 - 16 yaşlı qruplar üzrə I, II və III yeri qazanan uşaqlara isə  elektron kitabları oxumaq üçün qurğu hədiyyə olunacaq. Müsabiqənin qaliblərinin təltifolunma mərasimi Moskva Kitab Evində baş tutacaq.

Uşaq rəsmi müsabiqəsinin şərtləri ilə tanış olmaq və ətraflı məlumat əldə etmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə əlaqə saxlanılmalıdır.

Ünvan: Yasamal rayonu, Zərdabi küç., 68

Telefon: (012) 432-68-11

E-mail: yasamal.mks@mail.ru


Foto Qalereya