Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
5 Noyabr , 2018



   Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın fəal oxucusu, tanınmış jurnalist, yazıçı-publisist, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadə ilə görüş keçirildi.

   Görüşü Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq qonaqları təqdim etdi və Hacı Tofiq Seyidzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, T.Seyidzadə “Bakinskiy raboçiy”, “Kommunist”, “Yeni Naxçıvan”, “Respublika”, “Azərbaycan müəllimi”, “Şərq qapısı”, “İşıqlı yol” qəzetlərində mütəmadi olaraq məqalələri ilə çıxış edib. Onun yaradıcılığı indi də çoxlarının maraq dairəsindədir. T.Seyidzadə təkcə Azərbaycanda deyil, Rusiyada da tanınır və sevilir.

  Tədbirdə Mirzə Şəfi Vazehin Azərbaycanda ilk tədqiqatçısı, professor Akif Bayramın çıxışı çox böyük maraqla qarşılandı. Professor Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına onun son ildə yazdığı və Heydər Əliyev Fondu tərəfindən 5 dildə Türkiyədə nəfis şəkildə nəşr olunan ”Mirzə Şəfi Vazehin ədəbi irsi” monoqrafiyasını, ”Mirzə Şəfi Vazeh haqqında xatirələr” və digər kitablarını hədiyyə etdi. A.Bayram Hacı Tofiq Seyidzadənin yaradıcılığından danışarkən onun maraqlı insanlar haqqında yazdıqlarını xüsusi vurğuladı.

   Veteranlar təşkilatının sədr müavini, fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, T.Seyidzadə hərbi mövzuya çox həssaslıqla yanaşır, onun əsərləri gənclərdə vətənpərvərlik ruhunu yüksəldir, bu əsərlər insanlar üçün örnəkdir.

      Nərimanov rayon Veteranlar təşkilatının sədri, Əfqanıstan müharibəsi veteranı, polkovnik Elşad Şabanov Hacı Tofiq Seyidzadə haqqında danışarkən, onun vətənə, torpağa son dərəcə bağlı olduğunu qeyd etdi. O, bildirdi ki, T.Seyidzadə bütün veteranlarla maraqlanır, onların keçdiyi döyüş yolunu kitablarında və məqalələrində daima işıqlandırır.

     Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, Yeni Azərbaycan Partiyasının Siyası Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev öz çıxışında Hacı Tofiq Seyidzadəni xalq jurnalisti adlandırdı. O, qeyd etdi ki, yubilyar öz yazılarında çox vacib problemlərə toxunur və bu problemləri dövlət məmurlarına çatdırır. Öz yaradıcılığında “körpü” rolunu oynayır, onun yazılarını oxucular sevə-sevə oxuyurlar. Bu yaradıcı insan yorulmadan və  çox məhsuldar çalışır.

    Texnika üzrə elmlər doktoru, Azərbaycan Pedaqoji Universitetinin professoru Saleh Taleh qeyd etdi ki, T.Seyidzadə onun yaradıcılığını çox dərindən təhlil edib. O, qeyd etdi ki, poeziyada onun ustadı Bəxtiyar Vahabzadə olub. Həyatda isə, o, T.Seyidzadədən örnək götürərək həyat dərsi keçib. O, T.Seyidzadəyə “Bu dünyanın bir Allahı var axı” şeirini ərmağan etdi.

    Ümid Mirzəyev qeyd etdi ki, Avrasiya Mətbuat Fondunun sədri olaraq, T. Seyidzadənin yaradıcılığına böyük maraq göstərir. Çıxışında vurğuladı ki, T. Seyidzadənin əsərləri çox səmimidir.

     T.Seyidzadənin kitablarının redaktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İbadulla Məmmədov Hacı Tofiq Seyidzadənin Azərbaycan tarixini dərindən bilən, xeyirxah və nəcib insan olduğunu vurğuladı və qeyd etdi ki, T.Seyidzadə fəxri professordur.

    Lətifə Məmmədovanın və oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarovanın ifasında Hacı Tofiq Seyidzadənin çox sevdiyi “Aşıq ustadlarımızın deyimləri” ona və bütün tədbir iştirakçılarına ərmağan edildi. Yasamal rayon 158 №-li tam orta məktəbin şagirdləri Hüseyn Qurbanov, Sadiq Məhərrəmov və Xəqani Məmmədovun ifalarında “Aşıq Həmidlə, şair Şamil Zaman və Əhməd Sədərəklinin deyişmələri” maraqla qarşılandı.

    Yazıçı-publisist, şairə, kitabxananın fəal oxucusu Sevinc Ağaxəlilqızı (Basqallı) Tofiq Seyidzadəyə yazdığı şeiri söylədi. Kitabxananın fəal oxucusu, həkim nevropatoloq-psixoterapevt T.Seyidzadənin əsərlərinin ona müsbət təsir etdiyi barədə fikirlər söylədi.

    Sonra söz kitabxananın fəal oxucusu, “Qızıl qələm” mükafatı laureatı, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadəyə verildi. O, qonaqları salamlayaraq, onlara ən səmimi və xoş arzularını bildirdi. Və qeyd etdi ki, M.Ş.Vazeh adına kitabxanada hər bir yaradıcı insana xüsusi diqqət və qayğı göstərilir. Yubilyar kitabxananın bina şəraitini yaxşılaşdırılması barədə fikir söylədi.

   Xatırladırıq ki, Yasamal rayon MKS-ində həyata keçirilən “Maraqlı insanlarla söhbətlər” davamlı layihəsi cəmiyyətdə maraqla qarşılanır. “Maraqlı insanla söhbətlər” lahiyəsinin rəhbəri “İnformasiya hamı üçün” YUNESKO proqramının Azərbaycan komitəsinin sədri, Yasamal rayon MKS-inin direktoru, dr. Lətifə Məmmədova, icraçı direktoru Ənvər Haqverdiyev, koordinatoru Kifayət Hüseynovadır.

 

 


Foto Qalereya