Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
6 Noyabr , 2018



 

2000-ci ilin payızında II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirildi. Milli Məclisə seçkilər həmin il noyabrın 5-nə təyin olunmuşdu. İkinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı 99 seçki dairəsi üzrə 5 noyabr 2000-ci il seçkilərində və 7 yanvar 2001-ci ildə keçirilmiş təkrar seçkilərdə 4.964 seçki məntəqəsinin seçici siyahılarında olan seçicilərin 68,93%-i iştirak etmişdi. 2.926.904 seçki bülleteni etibarlı hesab olunmuş, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2.888.813 nəfər, əleyhinə isə 38.091 nəfər səs vermişdi.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

6 noyabr 1931-ci il şair, nasir Tofiq Mahmud Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub.

6 noyabr 1974-ci il şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli vəfat edib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin, populyar mahnıların ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) sözlərinin müəllifidir. Rus poeziyasından tərcümələr edib.

6 noyabr 1996-cı ildə Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasındakı diplomatik münasibətlər qurulmuşdur.

Azərbaycan ilə Bəhreyn arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.

6 noyabr 2004-cü ildə İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəminin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan danışıqlarda əldə edilmiş razılaşmalara əsasən, Təbriz şəhərində Azərbaycanın Baş konsulluğunun fəaliyyətə başlamasına dair qərar qəbul olundu.

6 noyabr 2009-cu ildə Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

7 noyabr 1917-ci ildə Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev anadan olub. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

7 noyabr 1949-cu ildə Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı “Qara daşlar” adlanan yerdə ilk neft quyusu fontan vurub. Bu hadisə Azərbaycan neft tarixində yeni eranın başlanğıcı olub. “Qara daşlar”ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, “Azneftkəşfiyyat”ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə əfsanəvi dəniz şəhəri - polad dirəklər üzərində (ümumi uzunluğu 300 km olan estakada) Neft Daşları salındı.

8 noyabr 1967-ci ildə Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya – “Bakı Soveti” (“İçərişəhər”), “26 Bakı komsissarı” (“Sahil”), “28 Aprel” (“28 May”), “Gənclik”, “Nərimanov” xətti istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib.

9 noyabr 1918-ci ildə Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

9 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb.

9 noyabr 1973-cü ildə Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə) vəfat edib. Rza Əfqanlı Cənubi Azərbaycanının Sərab şəhərində doğulub. Bir sıra kinofilmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

7-9 noyabr 2000-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.