Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
19 Dekabr , 2018



   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış uşaq yazıçısı və tərcüməçi İlyas Tapdığın anım gününə həsr olunmuş tədbir keçirdi.

   Tədbirdə şairin qohumu Cəmil Tapdıqov, tanınmış şair Oqtay Rza, “Məcməüş-şüəra”nın sədri, şair Şahin Fazil, şair-publisist Vahid Aslan, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, jurnalist, yazıçı-publisist, akademik, Qazaxıstanın fəxri vətəndaşı, Ümumdünya Türk Xalqları Konqresinin prezidenti Hacı Yəhya Cəniyar, yazıçı-publisist, Əməkdar jurnalist Zərəngiz Mansurova, şair-publisist, Ümumdünya Türk Xalqları Konqresinin “Qızıl medal” mükafatçısı Şükür Şuşalı, şairə Sənəm Səbayel, uşaq yazıçısı Gülzar İbrahimova, milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak və çıxış etdilər.

  Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, qeyd etdi ki, 2016-cı il dekabr ayının 25-i İlyas Tapdıq vəfat edib. İlyas Tapdıq tanınmış uşaq yazıçısı olub, onun uşaq şeirləri təkcə Azərbaycanda deyil, postsovet məkanında, Avropada tanınıb. O, Rəsul Rza, Səməd Vurğun və bir çox böyük şairlərlə tanış olub. Şairin 20-dən çox kitabı 30 dilə tərcümə olunub.

 “Məcməüş-şüəra”nın sədri, şair Şahin Fazil İlyas Tapdığı “uşaq şeirinin sultanı” adlandırdı və ona yazdığı “Yox uşaq şeirimizin sultanı İlyas Tapdıq” qəzəlini oxudu.

 “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə İlyas Tapdıqla bağlı maraqlı xatirələri ilə bölüşdü, onunla birgə təşkil etdiyi tədbirlər haqqında geniş məlumat verdi.

  Ümumdünya Türk Xalqları Konqresinin prezidenti Hacı Yəhya Cəniyar qeyd etdi ki, vətəndən uzaqda yaşayan soydaşlarımız İlyas Tapdığın şeirlərini çox sevirlər. O, tədbir iştirakçıları ilə Qarabağ müharibəsi xatirələri ilə bölüşdü və qeyd etdi ki, hər bir ziyalı gənclərimizdə vətənpərvərlik hisslərini tərbiyə etməyə borcludu.

  Şairin yaxın qohumu Cəmil Tapdıqov şair haqqında çox maraqlı məlumatlar verdi, onun Xalq şairi Bəxtiyar Vahabzadə ilə dostluğundan danışdı. Şair-publisist Vahid Aslan İlyas Tapdığı aşıq şairi də adlandırdı və qeyd etdi ki, İlyas müəllim Vətəninə və torpağına bağlı insan idi, canlı ədəbiyyat idi. Tanınmış şairə Sənəm Səbayel bütün yazarların qəlblərinin qohum olduğunu bildirdi və İlyas Tapdıq haqqında yazdığı şeiri söylədi. Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova qeyd etdi ki, İlyas Tapdıq mənim yaxın dostum idi və mənim bütün şeirlərimi oxuyub, onlara rəy bildirərdi. Yazıçı-publisist, Əməkdar jurnalist Zərəngiz Mansurovanın çıxışı böyük maraqla qarşılandı. O, İlyas Tapdıq haqqında danışarkən şairi “el müdriki” adlandırdı və qeyd etdi ki, şair 2000-ə yaxın kitabın redaktoru olub. Z.Mansurova bildirdi ki, İlyas Tapdığın ən böyük xidmətlərindən biri o oldu ki, o, uşaq ədəbiyyatında böyük Abdulla Şaiqin yolunu davam edib. Tədbir iştirakçılarına qürurla söylədi ki, İlyas Tapdıq ona “Dədə yolu” şeirini həsr etmişdir. “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Ümumdünya Türk Xalqları Konqresinin “Qızıl medal” mükafatçısı Şükür Şuşalı, filoloq-alim Dilarə Nağıyeva-Muxtarova və başqaları İlyas Tapdıq haqqında xoş sözlər söylədilər.

  Tanınmış şair, “Qızıl qələm” mükafatı laureatı Oqtay Rza İlyas Tapdıqla çox yaxın olduğu barədə məlumat verdi və qeyd etdi ki, onun ilk kitabını İlyas Tapdıq 1970-ci ildə redaktə etmiş və həmin kitaba “Torpağı dinləyirəm” adını qoymuşdur. Şair dostluq etdiyi Məmməd Araz, Xəlil Rza, Nahid Hacızadə haqqında da xatirələri ilə bölüşdü.

  Gənc yazarların “Mirzə Şəfi məclisi”nin fəal üzvü Sadiq Nəbili İlyas Tapdığa həsr etdiyi “Elegiya” şeirini söylədi.

 Tədbirdə İlyas Tapdıq haqqında videoçarx nümayiş etdirildi, onun ifasında 2000-ci ilin əvvəllərində lentə alındığı şeir səsləndirildi. Yasamal rayonu 38 və 158 №-li tam orta məktəbləri şagirdlərinin ifasında İlyas Tapdığın çoxlu sayda şeirləri səsləndi. 


 

http://www.moderator.az/news/251948.htm

http://manevr.az/medeniyyet/42307-lyas-tapdn-xatirsin-hsr-olunmu-tdbir.html

https://azertag.az/xeber/Sair_ve_yazichi_tribunasi_layihesi_cherchivesinde_Ilyas_Tapdigin_xatiresi_anilib-1226034



 

 


Foto Qalereya