Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
25 Dekabr , 2018



     “Mədəniyyət.Az” jurnalı Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir və jurnalın AXC-yə dair xüsusi buraxılışının təqdimatının təşkil etdi. Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları iştirak etdilər. Yubiley tədbiri Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.

      Təqdimat mərasimində tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

       Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov AXC mövzusunun daim Azərbaycan elminin, mədəniyyətinin, mətbuatının avanqard mövzuları olaraq  qalacağını vurğuladı. O, tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ad günü münasibəti ilə təbrik etdi. Ə.Amaşov qeyd etdi ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşasa da mədəniyyətə böyük diqqət göstərdi: teatr, rəssamlıq, heykəltaraşlıq və s.

     Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək jurnalın əhəmiyyətindən danışaraq, qeyd etdi ki, jurnalın xüsusi buraxılışı diqqət mərkəzində olmuş, jurnalda dərc olunan materiallar maraqlıdır və AXC-nin fəaliyyətini hərtərəfli işıqlandırır.

     Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli AXC-nin yubileyini böyük tarixi hadisə adlandırmış və qeyd etmişdir ki, xüsusi buraxılış uğurlu alınıb, jurnal tarixə düşüb, burada verilən fotolar nadir arxiv fotolardır, müəlliflər maraqlı məqalələr təqdim ediblər.

     Filologiya elmləri doktoru, professor Asif Rüstəmli qeyd etdi ki, jurnalın tərtibatında çox böyük orijinallıq var, burada dövlətçilik mövzusu xüsusi vurğulanıb, jurnalda nadir arxiv materialları da öz əksini tapıb.

    Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi çıxışında qeyd edib ki, jurnalın ənənəvi formada nəşr olunması (rəqəmsal texnologiyalardan fərqli olaraq) onu uzun ömürlü edəcək. O, jurnalda verilən materialları şərh edib və qeyd edib ki, burada Cumhuriyyətin tarixi, siyasi həyatı, mədəniyyəti, ədəbiyyatı əks olunub. Jurnalın dəyərli olduğunu vurğulayıb.

         Filologiya elmləri doktoru, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı qeyd edib ki, 2018-ci il – yüzillik yubileylər ilidir: AXC-nin, Azərbaycan Ordusunun, Bakının azad olunmasının, Azərbaycan Himninin,  üçrəngli Azərbaycan bayrağının və s. 100 illik yubileyləri. Jurnalda Azərbaycan xalqının mədəniyyəti bütövlükdə öz əksini tapıb.

         Əməkdar icəsənət xadimi Ziyadxan Əliyev onun təsviri sənət haqqında yazdığı məqalənin də jurnalda dərc olunduğunu bildirib və qeyd etdi ki, təsviri sənətin inkişafı ilə bağlı AXC-nin dövlət xadimləri bir sıra tədbirlər həyata keçirə bilmişlər.

      Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti mövzusu uzun illər “bağlı” mövzu olub, bununla bağlı tədqiqatlar aparılmayıb. Arxivlər açılandan sonra tarixçilər, politoloqlar bu mövzunu dərindən təhlil edə biliblər.

     Tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova vurğuladı ki, AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış arxiv və kitabxanalarımızda əbədi qorunacaq. O, qeyd etdi ki, dövlət səviyyəsində ilk dəfə olaraq AXC-nin 80 illik yubileyi qeyd olundu, bununla bağlı ulu öndər Heydər Əliyev böyük nitq söylədi. L.Məmmədova Yasamal rayon MKS-i adından “Mədəniyyət.Az” jurnalına AXC-nin 100 illik yubileyinə, Prezidentin ad gününə həsr olunmuş interaktiv plakatlar, “AXC-nin görkəmli ictimai, siyasi və dövlət xadimləri” videoçarxı hədiyyə etdi.

   Filologiya üzrə fəlsəfə doktoru Almaz Ülvi jurnalın baş redaktoru Zöhrə Əliyevaya minnətdarlığını bildirib və onun millətinə, mənəvi dəyərlərimizə qayğı ilə yanaşdığını vurğulayıb.

    Uzun illər Az.TV-də Zöhrə Əliyeva ilə birgə çalışan, tanınmış jurnalist Akif Cabbarlı öz həmkarının böyük səriştə, incə zövqlə ərsəyə gətirdiyi bu toplunu tarixi bir səlnamə adlandırıb. Gələcək nəsillər üçün bir çox vacib faktların, arxiv materiallarının səbatla bir araya toplandığını vurğulayıb.

    Digər çıxış edənlər “Mədəniyyət. AZ” jurnalının belə nəfis tərtibatda, rəngarəngliyi ilə seçilməsini bu mətbu orqanın ərsəyə gəlməsində əməyi olan, jurnalistikamızın pozitiv ruhlu, kreativ düşüncəli, həyata nikbin baxışları olan bir xanım zövqünün gözəlliyi ilə əlaqələndiriblər. Onun müstəqilliyimizə, dövlətçiliyimizə, tarixi keçmişimizə, ən əsası isə azərbaycançılıq qayəsinə, verdiyi bu töhfəyə yüksək peşəkarlıq, ziyalılıq nümunəsi kimi baxıblar.

    Çıxış edən digər ziyalılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açaraq, nəşrin yaradıcı kollektivinə yeni nailiyyətlər arzulayıblar.

    “Mədəniyyət.Az” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva jurnalın xüsusi buraxılışının ərsəyə gəlməsindən söhbət açıb, bu mövzunu müqəddəs mövzu adlandırıb. Ona köməklik edən alimlərə minnətdarlığını bildirib və qeyd edib ki, jurnal Azərbaycanın bütün regionlarında böyük maraqla oxunur.

    Sonda Zöhrə Əliyeva təbrik üçün tədbir iştirakçılarına səmimi təşəkkürlərini bildirib. Jurnalın bu buraxılışının müstəqilliyimizə, dövlətçiliyimizə vətəndaş sevgisi və keçmişimizə ehtiram əlaməti kimi dəyərləndirilməsini arzulayıb.

 

 


Foto Qalereya