Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
14 May , 2019




 

Elçin Əfəndiyev 13 may1943-cü ildə Bakı şəhərində Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. İlk hekayəsi 16 yaşı olarkən, 1959-cuildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı  Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan  Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ciildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.

Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

2015-ciildə CəfərCabbarlı mükafatına layiq görülmüşdür.

Hikmət  Ziya 13 may 1929-cu il tarixdə Şəki şəhərində anadan olub. Sonra valideynləri Ağdam şəhərinə köçür. Hikmətin uşaqlıq illəri də Qarabağda keçir. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. Sonra ali təhsil almaq məqsədilə Bakıya gəlir. Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri “ qəzeti redaksiyasına alır. Burada uzun müddət (1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1969-1984-cü illərdə “Göyərçin“ jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyir.

   Ədəbi yaradıcılığa isə 1952-ci ildə başlayır. İlk şeiri “Azərbaycan pioneri“ qəzetində dərc etdirdiyi “Qeqola” olur. Bundan sonra o, dövrü mətbuatda vaxtaşırı dərc olunur. İlk satirik şeirləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub.

   Onun təmsillərində əliəyrilər, yaltaq və ikiüzlülər satira atəşinə tutulur. Qısa təmsillərinin əksəriyyəti öz ədəbi taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir. Bu təmsillər fəlsəfi ümumiləşdirmələr yolu ilə yarananda daha tutarlı səslənir.

   Hikmət Ziya Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, “Mozalan” satirik kinojurnalı bədii şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnallarının redaksiya heyətinin üzvü olub. Onun adına “Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilib.

   Coşqun şair, işgüzar tərcüməçi, Əməkdar incəsənət xadimi Hikmət Ziya oğlu Əfəndiyev 1995-ci ili avqustun 2-də vəfat edib.

13 may 2004 – Avropa Komissiyasının (Avropa Birliyinin ali icra orqanı) Avropa Qonşuluq Siyasətinə dair strategiya sənədini qəbul etdiyi elan olunub.

13 may 2005 – Tanınmış xanəndə, Azərbaycanın xalq artisti Sara Qədimova dünyasını dəyişib.

14 may

14 may 1916 - Azərbaycanın ilk tammetrajlı bədii filmi – İbrahim Musabəyovun «Neft və milyonlar səltənətində» filmi nümayiş etdirilib.   

14 may 1945 - Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyi rəsmi fəaliyyətə başlayıb.

2011 - 56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur. 

1922-ci ildə mayın 15-də Bakıda dünyaya gələn Raufun Hacıyevin musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Bioqrafiyasından məlum olur ki, o, mətbuat cəfakeşi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə alıb. Onun bir bəstəkar kimi formalaşmasında isə dahi Üzeyir bəyin böyük rolu olub.

Bəstəkar yeddi operetta yazıb. Bu operettaların beşi Moskvada tamaşaya qoyulub. Eyni zamanda, keçmiş SSRİ-nin müttəfiq respublikalarının mərkəzi konsert salonlarında da Rauf Hacıyevin operettaları uğurla nümayiş etdirilib

Unudulmaz bəstəkarın rəğbətlə qarşılanan "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yol ayrıcında" operettaları da musiqi tariximizin solmayan səhifələridir. Finlandiyalı satirik yazıçı Marti Larnin onun romanı əsasında eyniadlı - "Dördüncü fəqərə" operettasını yaratmış azərbaycanlı bəstəkarın ecazkar musiqisinə qulaq asdıqdan sonra demişdi: "Bu, gözəl müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələri ilə əsəri daha da zənginləşdirir".

Rauf Hacıyevin sonuncu operettası sevimli müəllimi Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr etdiyi "Ordan-burdan" əsəridir. Azərbaycan televiziyası vasitəsilə tamaşaçılara çatdırılan bu operetta müəllifinə yeni bir uğur gətirdi. Həm də ilk dəfə olaraq səhnə formalarını mavi ekranda təcəssüm etdirməyi bacarmaq Rauf Hacıyevə məxsus oldu.

Bir çox simfonik əsərlərin, oratoriya, kantata və mahnıların müəllifi olan Rauf Hacıyevin istər musiqili-bədii televiziya filmlərinin, istərsə də Azərbaycan kinosunun inkişafında mühüm xidməti var. Bədii və sənədli filmlərə yazdığı musiqilər öz coşqunluğu, qəlbəyatımlığı, bənzərsizliyi ilə diqqət çəkir. "Bir qalanın sirri", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Qara daşlar", "Nizami" və s. filmlərə yazdığı musiqilər Rauf Hacıyevin bir bəstəkar kimi əbədi yaşadığını şərtləndirir. Dillər əzbəri olan mahnılarından "Sevgilim", "Leyla", "Bahar gəlir", "Bakı", "Azərbaycanım" bu gün də şövqlə oxunur və sevilir.

1995-ci ilin bir payız günündə 73 yaşında dünyasını dəyişən Rauf Hacıyev yaratdığı nəhəng əsərlərin ölməzliyində öz ömrünü də əbədiləşdirdi.