Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
8 İyun , 2019



Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 139 yaşlı "Məcməüş-şüəra" məclisinə təşkilati və informasiya dəstəyi göstərir. Məclis üzvlərinin yazdıqları yeni əsərlər yaradıcılıq şəraitində müzakirə olunur.

Bu gün məclisin qocaman üzvlərindən biri olan Əli Ələminin yeni yazdığı “Mən böyük sevgiylə sevmək üçünəm” şeirini oxucularımıza təqdim edirik.

Şairin yeni  ”Təbəssüm” qəzəli ilə    http://yasamal.cls.az/front/files/libraries/81/documents/957388335.pdf tanış olmaq olar.

 

 

MƏN BÖYÜK SEVGİYLƏ SEVMƏK ÜÇÜNƏM

 

Güldü dodaqların al çiçək kimi,

Gəzişdi nəfəsim yanağın üstdə.

Bir zərif, titrəyən kəpənək kimi,

Qondu dodaqlarım dodağın üstə.

 

Heyif ki, ürkütdün o kəpənəyi,

Belə sevilməsə çiçəklər ölər.

Belə nəvazişlə, incə sevməyi

Kəpənək eşqini duyanlar bilər.

 

Nə çoxdur qızaran, gülən çiçəklər,

Nədənsə, kəpənək tək səni seçdi.

Nə ovsun oxudu nadinc ləçəklər,

Kəpənək qəlbini oxladı, keçdi?

 

Gözün niyə doldu, gözündən soruş,

Sevgisiz beləcə dolmaq olarmı?

Günahkar özünsən, özündən soruş,

Bu qədər sevimli olmaq olarmı?

 

Bu gözəl dünyaya gəlmişik neyçün?

Mən səni görən tək bildim neyçünəm!

Sən böyük sevgiylə sevilmək üçün,

Mən böyük sevgiylə sevmək üçünəm

 Əli Ələmi