Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
30 İyun , 2020



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası elan olunmuş karantin rejimi müddətindən başlayaraq indiyədək oxucularla virtual ünsiyyəti qoruyaraq müxtəlif layihələrlə fəaliyyətini davam etdirir, Azərbaycanın rayon və şəhərlərinə virtual turlar təşkil etməklə izləyicilərin vətənin hər guşəsi ilə tanış olmaqlarına yardım edir. “Vətənimizə virtual səyahət” layihəsində növbəti sırada Ağdaş rayonudur.

Kitabxananın əməkdaşının hazırladığı videoçarxın ilk dəqiqələrində Ağdaşda bir şəhər, iki qəsəbə, 72 kənd olduğu qeyd edilib. Rayonun ərazisi 1050 km2, əhalisi 105.500 nəfər, Bakı şəhəri ilə arasındakı məsafə isə 240 km-dir. Videoçarxda  Ağdaşın Kür çayı boyunca Tuqay meşələri, Kür çayı, Türyançayı, Böyük Qafqaz dağlarının ətəkləri, saqqız ağacı, çinar, qarağac, ardıc, qovaq, Türyançay hövzəsi boyu Türyançay  qoruğunun quşlarının görüntülərini izləmək mümkündür.

Ağdaşın Tarix-Diyarşünaslıq Muzeyi (XIX əsr), Mərkəzi Kitabxananın binası, müasir park və binaları da videoçarxa daxil olmuşdur.  

Ağdaşda: Hacı Məhəmməd Ağa (XIX əsr), Hacı Osman, Hacı Bəsəl Əfəndi (XIX əsr), Hacı İsmayıl Ağa (XIX əsr) məscidləri və Üveys baba, Ərəbocağı ziyarətgahları, 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi var.

Habil Əliyev adına Musiqi Məktəbi, Meyvə Emalı Zavodu, Ləki Stansiyasının fotosu da burda yer alıb.

Ağdaşda taxılçılıq, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, çəltikçilik, baramaçılıq inkişaf etmişdir.

Döşəməli aş, səbzi qovurmalı aş Ağdaşın ən məşhur və ləziz milli plov növlərindən biridir.

Videoçarxdakı görkəmli şəxsiyyətlərin adları siyahısını oxuyanda bəlli olur ki, Ağdaş rayonunun elm və incəsən xadimləri çoxdur. Onların arasında maarifçi alim Muxtar Əfəndizadə, şair Mirzə İsmayıl Qasir (Mirzə İsmayıl Səlim oğlu Axundov), şair, dramaturq, təqdiqatçı Maqsud Şeyxzadə, Sovet İttifaqı Qəhrəmanları Fariz Səfərov və Səməd Abdullayev, filologiya elmləri doktoru, akademik Bəkir Nəbiyev, tibb elmləri doktoru, professor Salih Salihov, fizika-riyaziyyat elmləri doktoru, professor Yaşar Səlimov, MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru Bürhan Kərimov, şairlər Fikrət Qoca və  Xeyrəddin Qoca.

Xalq artisti, virtuoz kaman ustası Habil Əliyev, хalq artisti aktyor, rejissor Lütvü Məmmədbəyov, tibb xidməti general-mayoru Dağlar Abdullayev, pambıq ustaları Zeynəb Qənbərova və Anası Xəlilova, ikiqat Avropa və Dünya çempionu Xəzər İsayev, idman ustası Ramiz İbrahimov, coğrafiyaşünas, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə  Azərbaycan xalqının fəxr etdikləri vətəndaşlarıdır.

Videoçarx kitabxananın Youtube kanalında yerləşdirilib

https://www.youtube.com/watch?v=X4f2A9RnRMM

Uşaqlar videoçarxı “Kitabsevər uşaqlar” Facebook səhifəsində və eyniadlı YouTube kanalında izləyə bilərlər.

 


Foto Qalereya
Video Qalereya