Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Tədbirlər
6 Yanvar , 2021



Qəhrəmanlıq göstərərək müqəddəs və əbədi zirvəyə ucalan şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini həyata keçirməyə davam edir.

         Qürur hissi ilə adını “Tarix yazan igidlərimiz” layihəsinə daxil etdiyimiz şücaət göstərən mərd qəhrəmanlardan biri də şəhid Göydağlı Ramazan Əbülfət oğludur.

Kitabxananın İnformasiya-resurs şöbəsi Vətənin igid oğlu Göydağlı Ramazanın əziz xatirəsini “Şəhidlər haqqında” hazırladığı informasiya məktubu və videoçarxla yad edir.

Kitabxananın sistem-inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan informasiya məktubunda şəhidin həyatı haqqında ümumi məlumat, ailəsinin Ramazanla bağlı son xatirələri, Ramazanın ailəsinə söylədiyi son sözlər təqdim olunur.

Hazır edilmiş videoçarxda isə əbədi zirvəyə ucalmış Ramazanın fotoları və videoları, atası Əbülfət Əliyev və anası Zülfünaz Əliyevanın oğlu ilə bağlı xatirələri, həmçinin kiçikyaşlı Ülkər Sultanovanın dayısına olan həsrəti video görüntülər şəklində nümayiş edilir.

Şəhid əsgər Ramazan Göydağlı 04 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində anadan olmuşdur. “Göydağlı” soyadı Ramazana Ordubadın Nürgüt kəndində yerləşən Göydağın şərəfinə görə verilmişdir.  

Uşaq vaxtlarından ermənilərin törətdikləri amansız cinayətlərə qarşı nifrət hissi ilə böyüyən Ramazan 2020-ci ilin 5 sentyabr tarixində hərbi fəaliyyətə başlamışdır. Hərbi kursunu bitirmək üzrə olan Ramazan Vətən müharibəsinin başladığını duyduğu zaman bu müharibənin iştirakçısı olmaq istədi.

Ramazan müharibənin getdiyi müddətdə yoldaşına son dəfə bu sözləri söyləyib:

       “Mən bura şəhid olmağa gəlmişəm.”

    Sosial şəbəkədə paylaşdığı mesaj da bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir.

“Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”

Qəhrəman Ramazanın Vətən müharibəsindəki şücaəti Xocavənd istiqamətində olmuşdur. Qarşısına erməniləri məhv edərək qalibiyyət qazanmağı məqsəd qoyan Ramazan Şuşanın Qırmızı Bazar tərəfində yerləşən Çanaqçı kəndində şəhidlik zirvəsinə ucalmışdı. Müharibə zamanı hərəkətdə olan maşına atılan top mərmisi onun həyatına son qoymuşdu.

28.10.2020 tarixində Ramazan gözəlliyinə heyran olduğu torpaqlarda ölümsüzlüyə qovuşdu. Ramazanın şəhid xəbəri atasının doğum günü – 01.11.2020 tarixində ailəsinə verildi.

Ölümündən sonra əsgər Göydağlı Ramazan Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə “Vətən uğrunda” və“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidin bacısı Elmira Sultanova kitabxana ilə əməkdaşlıq edərək qardaşı ilə bağlı olan məlumatları İnformasiya-resurs şöbəsinin əməkdaşları ilə paylaşmışdır. Həmin məlumatların qeyd edildiyi informasiya məktubu və videoçarx aşağıdakı linklərdə aktivdir.

http://yasamal.cls.az/front/files/libraries/81/documents/918691140.pdf

https://www.youtube.com/watch?v=P2RAF1kbDIk

 Ruhun şad olsun,  ey şanlı tarix yazan qəhrəmanımız!


Foto Qalereya
Video Qalereya