Yasamal rayon Mərkəzi Kitabxanası

Yasamal rayon MKS-i
Xəbərlər
13 Yanvar , 2021



Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolunu tanıtmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla davam etdirir. 

“Tarix yazan igidlərimiz” layihəsinə daxil etdiyimiz yeni informasiya  şəhid yaxını Çinarə xanım tərəfindən elekton məktubla kitabxanaya ünvanlandı.

İnformasiya-resurs şöbəsinin təqdim etdiyi “Şəhidlər haqqında” informasiya məktubu və videoçarx  şəhid əsgər Cəfərli Ruslan haqqındadır.

Kitabxananın İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan informasiya məktubunda şəhidin həyat yolu, qəhrəmanlıqları, ailəsinin onunla bağlı xatirələri, son sözləri məlumat şəklində toplanılmışdır, videoçarxda isə şəhidin fotoları, videolentləri yer alır.

Azərbaycanın qəhrəman oğlu Cəfərli Ruslan Nəcəf oğlu 25 may 1995-ci il tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Ailəsinin yeganə oğlu olan Ruslan göstərdiyi şücaətlə Vətənin ölməz oğlu oldu.

Gənc qəhrəman Cəfərli Ruslan Mingəçevir şəhərində yerləşən 4  saylı tam orta məktəbdə təhsil almışdır.  O, 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis edilmişdir.

Ruslana “Ceki” deyə müraciət edirdilər. O, gülərüz, dayanıqlı, qoçaq, çevik bir gənc idi. Döyüş meydanında  səhhətində problemin olmasına baxmayaraq o, bu yoldan geri dönməyərək ön cəbhədə haqq savaşını davam etdirməyi özünə borc bildi.

Şəhid əsgər Cəfərli Ruslan 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Tərtər-Ağdərə istiqamətində vuruşmuşdur.

Ruslan ermənilər Mingəçevirə raket atanda atasına zəng edərək qürurla belə deyib:

“Qorxmayın, burada cavablarını veririk! Axırlarına çıxacağıq! İndi döyüşə gedirəm, narahat olmayın!”

O zəngdən sonra Ruslandan xəbər almayan ailəsi bir gün cəbhə ilə bağlı verilən bir sujetdə əsgərlərin verdiyi müsahibədə kənardan onları izləyən Ruslanı görürlər. Ruslanın sağ olduğunu görən ailəsi sevinc hissini yaşayır. Lakin həmin görüntülər həftələr öncə kadra alınıbmış.

Noyabrın 18-də ailəsinə Ruslanın döyüşlərdə itkin düşdüyünü xəbər verdilər, lakin sonra məlum oldu ki, Ruslan artıq şəhidlik zirvəsinə ucalıb. Onun cansız bədəni isə neytral zonada qalıb.

Şəhid əsgər Cəfərli Ruslan noyabrın 21-i Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Ruslanın əsgərlik xatirələri ilə bağlı tutduğu qeyd dəftəri ondan geri qalan ən gözəl xatirə oldu. Dəftərdə qeyd etdiyi əl yazısından biri...

Sevgilimdən ayrıldım,

Silahıma sarıldım.

Torpağıma bağlandım

Təki Vətən sağ olsun!

  Şəhidlik zirvəsinə yüksələrək əbədi ömür qazanan Ruslan Cəfərli haqqında informasiyalar aşağıdakı linklərdə verilib:

https://www.youtube.com/watch?v=AzpUsH7rWpU

http://yasamal.cls.az/front/files/libraries/81/documents/837158858.pdf

Zəfər gününü Azərbayan xalqına yaşadan qəhrəmanlar, Sizlərə ömrümüzün sonunadək minnətdarıq!

 

 

 


Foto Qalereya
Video Qalereya